Problemli kreditlər rekord səviyyəyə yüksəlib

Cari ilin iyun ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 13 milyard 882 milyon manat kredit verilib. “Yeniavaz.com” Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 24,7% və ya 4 milyard 552,2 milyon manat azalıb. Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin aprel ayının əvvəlinə problemli kreditlərin həcmi 270,9 milyon manat və ya 17,6% artaraq 1 milyard 810,7 milyon manata yüksəlib.

Qeyd edək ki, iyulun əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 13% paya malik olub. Problemli kreditlərin həcmi bugünə kimi qeydə alınan ən yüksək səviyyəyə çatıb. Onu da bildirək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki paya iyun ayının əvvəlində 11,8%, may ayının əvvəlində 10,3%, aprelin əvvəlində 10,2%, ötən ilin sonunda 9%, bir il bundan əvvəl isə 8,3% olub.

Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 960,9 milyon manatlıq kreditlərin 917,3 milyon manatı, xarici valyutada verilən 5 milyard 921,1 milyon manatlıq kreditlərin isə 893,4 milyon manatı vaxtında geri qaytarılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top