Təhsil Nazirliyi: "Azərbaycanlılara astronomiya elmi lazım deyil"

Rusiyanın Təhsil Nazirliyi astronomiyanın yenidən yuxarı siniflərin proqramına sərbəst fənn kimi daxil edilməsi ilə bağlı qərar verib. Nazir Olqa Vasilyevanın sözlərinə görə, kosmosa ilk insanı göndərmiş ölkənin vətəndaşlarının astronomiyadan xəbərdar olmaması utancvericidir.

Qeyd edək ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sorğusunun nəticələrinə görə, Rusiyada hər dörd nəfərdən biri Yerin Günəş ətrafında deyil, Günəşin Yer ətrafında fırlandığını düşünür. Azərbaycanda da vəziyyət fərqli deyil, hətta Günəş sisteminə daxil olan planetləri ardıcıl şəkildə saya bilən vətəndaşlarımız yox dərəcəsindədir.

Axı Azərbaycan da bir vaxtlar kosmosa ilk süni peyk və insan göndərmiş nəhəng dövlətin bir parçası olub. Bizdə də astronomiya elmi ilə bağlı müstəqillik illərində yaranmış acınacaqlı vəziyyəti düzəltmək üçün həmin fənn məktəb proqramına qaytarılacaqmı? Virtualaz.org bunu aydınlaşdırmağa çalışıb.

Qeyd edək ki, ölkəmizdə kurikulumun tətbiqindən sonra astronomiyanın ayrıca fənn kimi tədrisinə ehtiyac görülməyib. Təhsil Nazirliyinin fikrincə, dərs yükü ağır olduğundan bu fənnin ayrıca tədris olunmasına gərək yoxdur. Orta məktəblərdə yaradılan təmayüllü siniflərində də astronomiyanın ayrıca fənn kimi tədrisi nəzərdə tutulmayıb.

Nazirlikdən cavab olaraq bildiriblər ki, Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində “Astronomiya” ayrıca fənn kimi tədris fənlərinin sırasına daxil olunmayıb. Bu fənn “Fizika” fənninin tərkibinə inteqrasiya olunub.

Nazirlikdən əlavə ediblər ki, tam orta təhsil səviyyəsi üzrə hər bir təmayülün, o cümlədən kombinə edilmiş təmayüllü siniflərin öz tədris planı var. Bununla belə, tədris dili, “Azərbaycan dili - dövlət dili kimi” (tədris rus dilində aparılan siniflərdə), “Xarici dil”, “İkinci xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Ədəbiyyat”, “Azərbaycan tarixi”, “Fiziki tərbiyə”, “Çağırışaqədərki hazırlıq” fənləri hər bir təmayülün tədris planına daxil edilib. Bu il respublikanın bütün bölgələrini əhatə etməklə təxminən 1400-ə qədər təmayüllü X sinfin olacağı ehtimal edilir.

Nazirlik astronomiya ilə maraqlananlara internetdən yararlanmalarını məsləhət görür. Başqa sözlə, məktəb gələcək vətəndaşa Merkuri ilə Marsın fərqini başa salmağa borclu deyil. O ki qaldı Yerin Günəş ətrafında, yaxud Günəşin Yer ətrafında fırlanmasına, bu hər kəsin şəxsi problemidir.virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top