
Naxçıvan azyaşlı qızın zorlanması xəbəri ölkə gündəmindən düşməmiş, növbəti belə xəbər Bakıda gəlib. Belə ki, Badamdar qəsəbə sakini Ləman Hüseynova (ad şərtidir) 9 yaşlı qızına təcavüz olunması iddiası ilə polisə müraciət edib. Qadın hadisənin iyulun 17-də yaşadığı evdə baş verdiyini bildirib. Belə ki, bacısının əri Naxçıvanın Babək rayonunun sakini 1983-cü il təvəllüdlü Aydın Əli oğlu Murad (ad şərtidir) 2008-ci il təvəllüdlü qızı Ayselə (ad şərtidir) təcavüz edib. "Qafqazinfo"nun yaydığı xəbərə görə isə azyaşlı tibbi ekspertizaya göndərilib.
"Yeniavaz" xəbər verir ki, bu hadisəyə münasibət bildirən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, qanunlarımızda kiçik yaşlı uşaqlara qarşı cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir: "Milli Məclisin iclasları başlayan kimi ilk çıxış edəcəyim mövzuların önündə gəlir bu məsələ. Yetər artıq! Bu gün bu xəbəri dəhşət içərisində oxudum. Şərəfsizliyin, əxlaqsızlığın ən yüksək nöqtəsidir. Belələrinə insan deməyə dilim gəlmir. 9 yaşlı kiçik bir qıza, baldızının övladına, yəni öz ailəsinin üzvünə qarşı bu cür namussuzluq edən birisi cəmiyyət üçün ən təhlükəli insanlardandır. Ailələr bu cür hadisələr baş verdikdə gizlətməməlidirlər, hüquq-mühafiqə orqanlarına müraciət edib, bu cür insanlıq adına ləkə olanların ağır cəzalanmasına nail olmalıdırlar ki başqalarına dərs olsun. Eyni zamanda bu cür əxlaq sahibinin cəmiyyətdə rahat dolaşması mütləq başqa birisinin də övladını və ya övladlarını böyük təhlükə qarşısında qoya bilər. Belələrinin yeri həbsxanadır, cəmiyyətdən təcriddir və məncə, bundan da sərt cəzaları haqq edirlər. Gör insanı psixoloji olaraq hansı vəziyyətə gətirirlər ki ən ağır, ən sərt cəzaları dəstəkləyirik. Pedofiliya (uşaqbazlıq) təəssüf ki, dünyanı narahat edən problemdir və biz də, ona qarşı mübarizəmiz də sərtləşməlidir. Kiçik yaşlı balalarımızı bu cür məxluqların əlindən qorumaq üçün bütün cəmiyyət diqqətli olmalıyıq və onları daha yaxşı qorumaq üçün ümumi mübarizəmizi gücləndirməliyik".
Millət vəkili Fazil Mustafa isə məsələ ilə bağlı bunları bildirib: "Bu gün də 9 yaşlı qıza təcavüz məsələsi nəyi göstərir: bizim cəmiyyətdə bu mötivdə baş verən cinayətlərin bir neçəsi hər gün məlum olursa, gizlədilənlərin sayı ondan qat-qat artıqdır demək. Avropa ölkələrində bu ləyaqətsizlərin təcavüzünə məruz qalmış bu uşaqların reabilitasiyası, psixoloji sarsıntıdan uzaqlaşdırlması üçün aktiv sosial institutlar mövcud olduğuna görə, zaman axarında zərərçəkmiş insanların psixoloji durumunda tarazlıq yaratmaq olur. Bizim kimi cəmiyyətlərdə "adamın adı çıxınca canı çıxsa yaxşıdır" prinsipinə uyğun olaraq bütöv ailələr, nəsillər "gözükölgəli" vəziyyətə düşürlər. Küçədə eyhamlı sözlər, məktəbdə lağlağı, ailə qurarkən keçmişin qurdalanması, geninə-boluna dedi-qodular sabahkı intiharlar üçün material hazırlayır. Odur ki, pedofillərə qarşı "kimyəvi axtalanma" cəzasının tətbiqini mütləq hüquqşünaslar çevrəsində ciddi müzakirə etmək lazımdır. Avropa Şurası, öhdəliklər və s. anlaşılandır, ancaq bu cəmiyyətdə körpə uşaqların bu cür cinsi təcavüzə məruz qalması elə ölmək kimi bir şey sayıldığına görə, belə əməlləri törədənlərin qarşısını almaq zərurəti hamını düşündürməlidir. Bir çox hallarda bu neqativ proseslər orta məktəblərdən başlayır, doğru cinsi tərbiyə metodlarının olmaması vəhşiləşmiş və aqressiv gənc oğlan və qız tipləri yetişdirir. Bu istiqamətdə qanunvericilik təşəbbüsünün dəstəklənməsi üçün petisiya formasına da baş vurmaq olar".
Tətbiqimizi yükləyə bilərsiniz