"Gelandewagen" qəzası ilə bağlı şəkillərin bəziləri dərhal silinirdi" - Ekspert

"Son hadisəyə görə Əli Həsənovu həm də ona görə işdən çıxartmaq lazımdır ki, düşmənlə informasiya müharibəsində qarşı tərəfə də "yaxşı" mövzu verdi". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu baş nazirin müavini Əli Həsənovun nəvəsinin ağır qəza törətməsinə münasibət bildirərkən qeyd edib.

"Digər tərəfdən xarici qonaqlarla görüşlərinə söhbətə erməni işğalı ilə başlayan nazir müavini inandırıclıq qabiliyyətini itirdi. Bu artıq dövlətin təhlükəsizlik siyasətinə tərs düşür. Xaricdən gələn də artıq onu qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan məmur kimi deyil, mənbəyi bilinməyən (əslində bilinən - E. Ş.) pullarla harınlayan və günahsız insanları qətl edən şəxsin babası kimi dinləyəcək", - deyə politoloq vurğulayıb.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə bu hadisə ilə bağlı başqa bir məqama diqqət çəkib: "Heydər Əliyev prospektində baş verən və geniş rezonansa səbəb olan qəza ilə bağlı ilkin məlumatların, şəkillərin bəziləri dərhal silinirdi və ya redaktə edilirdi. Hiss olunurdu ki, nələrisə gizlətmək istəyirlər. Güman ki ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi.

Lakin bir qədər gec olsa da Daxili İşlər Nazirliyi əsmi açıqlama verdi və sükan arxasında kimin olması ilə bağlı ilkin ehtimallar özünü doğrultdu. Düşünürəm ki, arxa fonda ən azı 3 dövlət qurumunun rəhbərliyi ilə dil tapmaq mümkün olmayıb.

Belə ki, adı çəkilən prospekt strateji əhəmiyyət kəsb etdiyindən burada bildiyim qədər ən azı 3 dövlət qurumunun, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və keçmiş Nəqliyyat Nazirliyinin müşahidə kameraları var. Hər birisinin də ayrıca idarəetmə mərkəzi var. Hətta istisna etmirəm ki, daha birinin, məsələn, DTK-nın da kamerası olmamış deyil. Güman ki bu dövlət qurumlarından biri və ya elə bir-birindən ehtiyatlanaraq, hamısı ölkə rəhbərliyinə yanlış informasiya ötürmək riskini üzərlərinə götürməyiblər və çətin də olsa prinsipiallıq göstəriblər".

DİGƏR XƏBƏRLƏR

Top