İki tanınmış ekspertə "Əli Həsənovun nəvəsini müdafiə edir" ittihamı - TƏKZİB

Məlum olduğu kimi, avqustun 3-də Bakının Heydər Əliyev prospektində "Mercedes Gelandewagen" markalı avtomobillə ağır qəza törədilib. Yüksək sürətlə hərəkətdə olan avtomobil "VAZ-2115" markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışaraq yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada isə ağır yaralanıb. Yayılan məlumatlara görə, qəzanı törədən sürücü baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. Bununla bağlı artıq neçə gündür sosial şəbəkələrdə, saytlarda müzakirələr gedir, hüquqşünaslar, tanınmış ekspertlər fikirlərini bildirir, qəzanı törədənə veriləcək cəza ilə rəylərini səsləndirirlər. Lakin hadisəyə şərh verən ekspertlərin bəzilərinə qarşı "Əli Həsənovun nəvəsini müdafiə edir" ittihamları irəli sürülür. Artıq nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov və millət vəkili Fazil Mustafa onlara qarşı irəli sürülən ittihamla bağlı fikirlərini açıqlayıblar və ittihamların yersiz olduğun bildiriblər. "Yeniavaz.com" saytı tərəflərin bu ittihamlarla bağlı fikirlərini təqdim edir.

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov: "Məlum ağır yol-nəqliyyat hadisəsindən sonra jurnalist mənə sual verib ki, belə qəzada iştirak edən sürücü həbs edilməyə bilərmi? Mən də Cinayət Məcəlləsinə və başqa qanunlara uyğun sırf texniki cavab vermişəm ki, öncə rəsmən təqsir sübut edilməlidir, özü də rəsmi istintaq və daha sonra məhkəmə tərəfindən. Bundan sonra da hətta bizim Cinayət Məcəlləsi imkan verir ki, istənilən yol-nəqliyyat hadisəsini törədən şəxs azadlıqdan real məhrum edilmədən cəza alsın. Hətta vurğulamışam ki, təcrübə göstərir ki, belə ictimai rezonans doğuran hadisədə təqsirli sürücü kifayət qədər sərt cəza alacaq.

İndi bunu oxuyan klaviatura qəhrəmanları yazırlar ki, kimisə müdafiə edirəm və s. Ay camaat, burada yazılanlar, mənim mövqeyim deyil, qanunlarımızın mövqeyidir. Bunu konkret qəza törədən hansısa küçə uşağı barəsində yox, ümumən qanunun məzmunu olaraq bildirmişəm. Məndən olsa, belələrini, onları harınladanlarla birlikdə tonqalda, özü də düz "Azadlıq" meydanında diri-diri yandırmaq lazımdır. Mən öncə haqqın və sonra qanunun tərəfdarıyam".

Millət vəkili Fazil Mustafa: "Deyəsən, jurnalistlərin suallarına cavab verərkən, onların hansı səviyyədə peşə təhsili aldıqlarına diqqət yetirməli olacağam. Baş vermiş məlum qəza ilə bağlı fikrimi soruşublar, hüquqi şərh vermişəm. Hətta iki gün öncə soruşmuşdular ki, 6 tələbənin ölümünə görə sürücüyə 10 il azadlıqdan məhrumetmə cəzası verilib, bu ədalətsizlik deyilmi? Cavablandırmışdım ki, ehtiyatsızlıqdan törədilən cinayətlərə görə maksimum cəza verilib və ədalətli qərardır. Sürücünün kimliyini tanımıram, bildiyim qədər hansısa məmurun övladı da deyil. Ancaq söhbət hüquqin prinsiplərindən gedirsə, burada arzuladığın cavabı deyil, hüququn tələb etdiyi cavabı vermək lazımdır. Baxıram saytlarda verdiyim şərhə bir sıra geri zəkalı, hüquq anlamaz, hər hadisəni nifrət üzərindən şərh etməyə çalışanlar ədəbsiz formada qeyri-peşəkar saytın və ya jurnalistin başlığa çıxardığı məntiqsiz başlığa görə bizi guya vəzfəli şəxsi müdafiə edən kimi ittiham obyektinə çeviriblər. Bu cür şərh yazan insanların xeyli hissəsinin hüquqi savadsızlığı göz qabağındadır. Mətni oxuyub təhlil edə bilməyənlər başlığa çıxarılan cümləyə baxıb ancaq ittiham edə bilirlər. Mən heç kimi müdafiə etmirəm, hüququn prinsiplərindən danışıram. Məmurlara olan mənfi münasibət görə hadisənin mahiyyətini bir kənara qoyub artıq günahkar barədə hökm kəsirlər. Azərbaycanda şöhrətpərəstlikdən, qudurğanlıqdan 100 minlik, 200 minlik maşın sürənlərin sayısı on minlərlədir, haradan qazanıblar, kim bağışlayıb, bu başqa məsələdir. Bizdə qanunla təəssüf ki, gəlir deklarasiyası tələb olunmadığına görə kimsə aldığı daşınar və ya daşınmaz əmlakın mənbəyini rəsmi olaraq göstərmir. Rəsmi qaydada vergi ödəməsinə görə milyarder və ya milyonerimiz də yoxdur. Faktiki yaşamla hüquq arasında təzadın olduğu kimsəyə sirr deyil. Əminəm ki, bu cür boğazdanyuxarı izah yazanların bir qismi eyni imkanı əldə etsələr 300 minlik maşından imtina etməzlər. Yəni ümumilli xəstəlikdən söhbət gedir. Əsas odur ki, qəza baş verib, maşını kim idarə edib, avtoşluq edib-etməyib, sürət həddini keçib-keçməyib, piyadanın yol hərəkət qaydalarına əməl etməsi dəqiqləşdirilibmi, irəlidəki avtomobilin günahı varmı və s. bu kimi suallara cavab almadan bir qəzanı hansısa məmurun ittiham olunması kampaniyasına çevirmənin əleyhinəyəm. Hüququn dəyişməz prinsipi budur: məsuliyyət fərdidir. Sənin törətdiyin qəzaya görə atan məsuliyyət daşımır. Qardaşın məsuliyyət daşımır. Əgər sürücü qəzanı törədibsə, yanında oturan məsuliyyət o halda daşıyır ki, sürücülük vəsiqəsi olmadan ona maşını idarə etmək üçün verib. General oğlu ilə bağlı məsələ başqaydı, avtobus sürücüsünü döymüşdü, bu birbaşa xuliqanlıq idi. Bu isə avtomobil qəzasıdır, ekspertiza vasitəsilə konkret təqsir üzə çıxarılmalıdır, kimdir, nəçidir, kimin oğludur, nəvəsidir, bunu yazmaq jurnalistin birbaşa işidir, ancaq atasını, babasını məhz vəzifəli şəxs olduğuna görə ittiham etməyin doğru olmadığı məsuliyyətin fərdiliyi prinsipini dərk edən hamıya aydın olmalıdır. Yəni əlahəzrət hüquqa anlayış göstərmək lazımdır"...

DİGƏR XƏBƏRLƏR

Top