"Məlumat doğrudursa bütün qızıl ehtiyatlarının satılmasına ehtiyac yox idi"

Azərbaycan bu ilin fevral ayında qızıl ehtiyatlarının hamısını satıb. Bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb. Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb.
Qeyd edək ki, yanvarda Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub və qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının (ÜQŞ) hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr 2 ton, cari ilin yanvarında 2 ton və fevralda 18 ton təşkil edib. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

Azərbaycanın bütün qızıl ehtiyatlarını satması ilə bağlı məlumata münasibət bildirən iqtisadçı Vüqar Bayramov “yeniavaz.com” saytına açıqlamasında bildirdi ki, güman olunur ki, qızıl ehtiyatlarının satışı birbaşa valyutaya tələbin olması ilə bağlıdır: “Çünki, bir sıra regional layihələrin maliyələşdirilməsində Azərbaycana valyuta ehtiyatı lazım idi. Nəticə etibarı ilə qızılın valyutaya çevrilməsi valyuta ehtiyatını qarşılamaq məqsədi dağışdığı güman olunur. Proqnozlara əsasən qızılın qiymətində kəskin artım olmayacaq. Güman olunur ki, bu da qızılın satılması səbəblərindən biridir. ÜQŞ-nın açıqlaması doğrudursa bütün qızıl ehtiyatlarının satılmasına ehtiyac yox idi. Qızıl ehtiyatlarının bir hissəsinin saxlanılması vacib idi. Çünki, ARDNF-nun aldığı qızıl kifayət qədər bahalı qızıl idi. Bildiyiniz kimi ARDNF qızıl ehtiyatı formalaşdıran zaman dünya bazarında qızıl yüksək idi. Ehtiyatların bir hissəsinin qızılda saxlanılmasına ehtiyac var. Çünki, bu gün biz inkişaf etmiş və inkişa etməkdə olan ölkələrin təcrübələrinə baxsaq, ölkələr ehtiyatlarını təkcə valyuta formasında deyil, həm də qızıl formasında saxlamağa üstünlük verirlər”.

Məlumat üçün qeyd edək ki, bu gün Dövlət Neft Fondu açıqlama verərək bu məlumatı təkzib edib. Fonddan bildiriblər ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 min 175 kq (970 min 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top