
Azərbaycanda adambaşına düşən istehlak xərcləri arasında mədəniyyət və istirahət xərclərinin payı 4,4% və 10 manat 90 qəpik təşkil edir. Yəni, Azərbaycanda bir nəfərin ay ərzində mədəniyyət və istirahət üçün xərclədiyi vəsait 10,9 manata bərabərdir. "Yeniavaz.com" xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərdə yer alıb. Mədəniyyət və istirahət üçün xərclənən vəsait şəhər yerlərində ümumi istehlak xərclərinin 4,7%-ə (12,1 manat), kənd yerlərində isə 4,1%-ə (9,6 manat) bərabər olub.
Məlumat üçün bildirək ki, bu Avropa ölkələri arasında ən aşağı göstəricilərdən hesab olunur. Avropa ölkələri arasında bu sahədə ən yaxşı vəziyyət İsveçə məxsusdur. Bu ölkədə istehlak xərclərinin 18,7%-i mədəniyyət və istirahət üçün sərf olunur. Bundan başqa Böyük Britaniya vətənaşları ümumi istehlak xərclərinin 13%-ni, İsveçra vətənaşları 11%-ni, Almaniya vətənaşları 10,4%-ni, Avstriya vətənaşları 10.5%-ni, Norveç vətənaşları 10%-ni, Estoniya vətənaşları isə 11%-ni mədəniyyət və istirahət üçün ayırır.
Avropada mədəniyyət və istirahət üçün az vəsait xərcləyən ölkələrin ilk sırasında Moldova dayanır. Moldovada ümumi istehlak xərclərinin cəmi 1,4%-ni mədəniyyət və istirahət xərcləri təşkil edir. Bundan başqa mədəniyyət və istirahət üçün xərclənən vəsait Ukraynada ümumi istehlak xərclərinin 1,8%-nə, Makedoniyada 2,5%-nə, Türkiyədə 2,9%-nə, Rumıniyada isə 4%-nə bərabər olub.
Tətbiqimizi yükləyə bilərsiniz