Üşümək məsləhətdir

Bir qoca müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini söyləsə də, həkim onun yaşlı olduğuna işarə edərək, "həştaddandır,"- deyir. Həkimin bu sözlərini eşitməkdən bezən qoca son anda əsəbi halda dilini çıxarıb həkimə göstərir. Həkim isə halını qətiyyətlə pozmadan, "bu da "həştaddandır," - deyir. O həkimin sözü olmasın, indi kimi bir qədər pəjmürdə görüb əhvalını soruşsan, elə həmin an deyir ki, bəs istidəndir. Bəli, bu gün həqiqətən də hamı məmləkətimizdəki isti hava şəraitindən gileylənir. Odur ki, böyük imkanlılar özlərini veriblər dünyanın ən sərin guşələrinə, orta imkanlılar "öz zəhmətləri" hesabına təşkil etdikləri dünyəvi daçalara, kiçik imkanlılar da sinələrini açıblar kondinsionerlərə... Əhalimizin əsas hissəsi, yəni imkansızlar ordusu da istilərdən məharətlə yararlanaraq "ölüm də qənimətdir" deyib yoxsulluq proqramını şərəflə həyata keçirməkdədirlər. Hətta ən çətin anlarında belə təcili yardıma da müraciət etmirlər.

Amma bəzilərindən fərqli olaraq, mənə günün istisi əsla təsir etmir. İnanırsınız-inanın, inanmırsınız-inanmayın, hətta havanın temperaturu kəlləçarxa çıxanda belə vecimə olmur. Əksinə, yaman üşüyürəm, necə deyərlər, canımda üşütmə var. Özü də elə üşüyürəm ki, lap dişlərim şaqqıldayır. Vallah-billah, hətta bu yay günlərində çiyinlərimə saldığım kürküm, yəni dədə-baba "kondisionerim" də köməyimə gəlmir. Odur ki, əgər bu yazıda, bir demirəm, bir neçə qüsur olsa belə, gərək məni bağışlayasınız. Nöşün ki, bu sətirləri titrətmə içində, üşüyə-üşüyə yazıram.

Axı necə üşüməyim? Neçə ildir ki, isti yay günlərində də Ağdamın, Füzulunin, Cəbrayılın, Qubadlının işğal günlərini, necə deyərlər, xala-xətrin qalmasın deyə, anırıq. Özü də sükutla... Hərçənd bu sükutun özündə də bir donuqluq, üşümək var. Amma nə yazıq ki, bir dəqiqədən sonra hər şeyi unuduruq, sükut donumuz açılır və başlayırıq istidən bişməyə...

Axı necə üşüməyim ki, on addımlıq Qarabağıma gedə bilmirəm. Necə üşüməyim ki, dünyanın başbilənləri, beynəlxalq qurumlar "dovşana qaç, tazıya tut" deyirlər.

Necə üşüməyim ki, bu gün minlərlə insan işsizdir. Necə üşüməyim ki, qanunlar hələ də havadadır, iki partiya liderini bir masa arxasında görmək mümkün deyil. Necə üşüməyim ki... Bu kimi nəsnələri saymaqla qurtarmaz. Amma öz aramızdır, istidən bişməkdənsə, beləcə biabırçılıqları fikirləşməklə üşümək daha yaxşıdır. Sizə də bunu məsləhət görürəm. Bir də təvəqqe edirəm: gəlin üşüyək. Çünki üşüməkdən donanın bir zaman açılmaq ehtimalı daha çoxdur. Necə üşüməyim ki... Ay uşaq, o yorğanı at çiyinlərimə... Lap möhkəm üşüdüm. Amma ləzzət var a... bu üşüməkdə. Bəlkə, bir yol birgə üşüyək, hə... Unutma ki, sən üşüməsən, mən üşüməsəm axırımız lap pis olacaq. Necə? Şair demişkən, yanmaq lazımdır, deyirsən? Ay hay... Səhvin var, vallah. Çünki biz vaxtında bu Vətən üçün yana bilməmişik. Bundan sonra yanmağın nə faydası? A bala, o bir yorğanı da at çiyinlərimə...

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top