Prezidentin köməkçisinin sərt tənqid etdiyi "məqalə" saxta imiş - Qəribə situasiya

İyulun 30-da İsrailin "Haaretz" qəzetinin Azərbaycanla bağlı böhtandan ibarət yazı dərc etməsi barədə Azərbaycan kütləvi informasiya vasitələrində məlumat yayılmışdı. "Yeniavaz.com" xəbər verir ki, hətta Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da bu yazı ilə bağlı açıqlama vermişdi. Novruz Məmmədov bildirmişdi ki, məsuliyyət hissindən məhrum bəzi mətbuat orqanlarının təmsilçiləri vaxtaşırı yalan və böhtan xarakterli məlumatları yaymağı özlərinə peşə hesab edirlər: "İndiyə qədər İsrailin "Haaretz" qəzetində dəfələrlə Azərbaycan dövləti, onun xarici və daxili siyasəti ilə bağlı bəzi yalan məlumatlar dərc olunub. Lakin növbəti yalan və böhtan birbaşa Prezidentin ailəsinə qarşı yönəldiyindən ona münasibət bildirməyə ehtiyac var. Belə ki, iyul ayının 30-da İsrailin "Haaretz" qəzetində Prezidentin ailəsi barədə bütövlükdə yalan məlumat, kiçik olsa da məkrli yazı dərc olunub. Əsas narahatlıq doğuran məqam isə bu məlumatda İsrailin turizm naziri Yarev Levinə istinad edilməsidir. Yazıda göstərilir ki, guya son bir neçə ay ərzində Prezidentin ailəsi İsraildə əmlak almaqla, bu ölkəyə vəsait qoymaqla məşğul olub. Eyni zamanda, guya Prezidentin kiçik oğlu (fikir verin) bu aylarda İsraildə olub. Amma həqiqət budur ki, Prezidentin oğlu yalnız göstərilən aylarda yox, ümumiyyətlə, İsrailə səfər etməyib.

Bu informasiyalar yalan və böhtandan başqa bir şey deyil və onların reallıqla heç bir əlaqəsi yoxdur. İsrail mətbuatında belə yazıların dərci təəssüf doğurur və eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin ruhuna da ziddir. "Haaretz" qəzetinin jurnalisti məkrli niyyətini həyata keçirmək üçün İsrailin turizm naziri Yarev Levinə istinad edir. Hesab edirəm ki, yalan və böhtan məlumatla bağlı İsrail səfirliyi özünün və nazir Yarev Levinin mövqeyini bildirməlidir".

"Yeniavaz.com" saytının məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, əslində İsrailin "Haaretz" qəzetində belə bir yazı dərc olunmayıb. Elxan Şahinoğlunun bildirdiyinə görə, Azərbaycanla informasiya savaşı aparan tərəf(lər) saxta sayt vasitəsilə saxta material yayımlayıblar və bizi buna inandırıblar: "İnformasiya savaşına hələ hazır deyilik. Deməli, İsrailin ən məşhur qəzeti adından Azərbaycan prezidenti və ailəsi haqqında mənfi məqalə "yayınlanır" və rəsmi Bakı həmin məqaləni həqiqət qəbul edərək sərt reaksiya verir, Prezidentin köməkçisi Novruz Məmmədov xüsusi açıqlama verməyi lazım bilir. Bir gün sonra isə bəlli olur ki, İsrail qəzetində Azərbaycan Prezidenti və ailəsi haqqında heç bir yazı yayınlanmayıb, sadəcə Azərbaycanla informasiya savaşı aparan tərəf(lər) saxta sayt vasitəsilə saxta material yayınlayıblar və bizi buna inandırıblar".

"Bu "informasiyanın" yayılmasında Azərbaycanın İsraildə səfirliyinin olmaması da təsir edib. Düşmənlərimiz bundan da məharətlə istifadə ediblər. İsraildə səfirliyimiz olsaydı, məsələni anındaca dəqiqləşdirmək olardı. Bu hadisədən dövlətin informasiya siyasətinə məsul şəxslər, o cümlədən Novruz Məmmədov gərəkli nəticə çıxarmalıdırlar",-deyə politoloq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top