Prezident İlham Əliyev açılış etdi - Foto

Avqustun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.

Bildirilib ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək. Bu isə öz növbəsində Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonra dövlət başçısı yenidən qurulan Binəqədi-Novxanı-Corat avtomobil yolunun açılışında iştirak edib.

40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri çərçivəsində bu yol da müasir səviyyədə yenidən qurulub. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 12,5 metrədək genişləndirilib.

Qeyd edək ki, bu avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramışdı və yol boyu dağılmış hissələr yaranmışdı. Bu layihənin icrası nəticəsində 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.
Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

DİGƏR XƏBƏRLƏR

Top