Azərbaycanda benzinin bahalaşması avtomobil bazarında qiymətlərə də təsirsiz ötüşməyib. İkinci əl avtomobil bazarında dizel mühərrikli avtomobillərin qiymətlərində artım müşahidə olunmağa başlayıb.
Avtomobil eksperti Rəşad Quliyev bildirib ki, benzinin bahalaşması nisbətən ucuz yanacaq növü –dizellə işləyən avtomobillərə marağı artırıb. Bu da qiymətlərdə özünü göstərib. Ekspertin sözlərinə görə, xüsusilə də köhnə “Mercedes” avtomobilləri xeyli bahalaşıb.
“Mercedes ML”lər 7 min manata kimi bahalaşıb
R.Quliyevin sözlərinə görə, əvvəl satılmayan və alıcıların marağı cəlb etməyən “Mercedes ML” modellərində fərqli tendensiya müşahidə edilir. Belə ki, əvvəl bazarda 15-20 ədəd 2001-2004-cü illərə aid 2.7 l mühərrikli “Mercedes ML” avtomobilinə rast gəlinirdisə, indi bazarla yanaşı avtomobil elanlarında da cəmi 4-5 belə avtomobil tapmaq olur. 2001-ci il model “W 163” kuzovlu “ML” modelləri 8 min manatdan 12-13 min manata qədər, 2004-cü il modellər isə 13 min manatdan 20 min manata qədər bahalaşıb.
R.Quliyev 2004-2005-ci il model 3.0 l mühərrikli “ML” modelləri isə 20-21 min manatdan 22-24 min manata qədər bahalaşıb.
Ekspertin sözlərinə görə, buna səbəb “ML” modellərinin avtomobilin sərfəli olmasıdır: “Birincisi “ML” “Mercedes”dir, SUV-dur. Alıcıları əsas düşündürən məsələ xərclə bağlıdır. Bu avtomobil demək olar ki, xərcsizdir. Bundan əlavə ehtiyat hissələri həm ucuzdur, həm də asan tapılır”.
“Dörd gözlər”in qiyməti 40% artıb
Azərbaycan ikinci əl avtomobil bazarında məşhurluğu ilə seçilən 2000-2001-ci il model “Mercedes E” seriyasına aid atomobillərin qiymətlərində də kəskin artım hiss edilir. R.Quliyev bildirib ki, əvvəl 10-11 min manata satılan model indi 14-15 min manata təklif edilir. Üstəlik bazarda bu qiymətə satılan avtomobillər arasında belə yaxşını tapmaq çox çətindir.
Köhnə “Mercedes C”lər 2 min manat qiymət fərqi
1999-2000-ci illərə aid “Mercedes C” modelləri 2 min manata kimi bahalaşıb. Məsələn əvvəl 6000-6500 manata satılan avtomobilləri indi 7-8 min manata almaq olar.
“İlin sonuna doğru qiymətlər yenidən düşəcək”
Ekspertin sözlərinə görə, dizel mühərrikli avtomobillərin bahalaşması müvəqqətidir. İlin sonuna doğru bazar üzrə qiymətlər yenidən tənzimlənəcək. Belə ki, il sonu köhnəlmə ilə bağlı avtomobillərin qiymətləri aşağı düşür. Digər tərəfdən manatın məzənnəsinin stabil olması avtomobil bazarında da bahalaşmanın qarşısını alacaq. fins.az