Ağacan Abiyev narazı güləşçilərə səsləndi: “...özünüzü məhv etməyin!”

Bir neçə gün əvvəl tanınmış güləşçilər maaş və məvaciblərinin verilməməsinə etiraz əlaməti olaraq Bakıda aksiya keçiriblər. Güləş Federasiyasının qarşısında baş tutan toplantıda olimpiya çempionları, beynəlxalq yarışların qalibləri də iştirak ediblər.

Onlar Güləş Federasiyasının idmançılara qarşı biganəliyindən şikayət ediblər. Uzun müddətdir ki, maaş üzünə həsrət qaldıqlarını iddia edən güləşçilər şəraitsizlikdən də şikayət ediblər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının keçmiş rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev açıqlama verib.

Deputat bildirib ki, idmançılara məvacib kəsilibsə, bu, mütləq verilməlidir.

“İdmançı bənna deyil, daşkəsən deyil. İdmançı məşqə qısa müddət ara verirsə, sonra özünü yenidən bərpa etməsi çox çətin olur. İdmançı digər sahədə işləyərsə, məcbur olub peşəkar fəaliyyətini zəiflədəcək, formadan düşəcək. İnanıram ki, ən qısa müddətə bu problem aradan qalxacaq, öz həllini tapacaq. Çünki ölkəmizdə idmana dəstək cənab Prezident İlham Əliyevin iradəsidir və indiyə qədər yüzlərlə idmançı dövlət dəstəyindən yararlanıb. Heç şübhəsiz bu problem də yaxın günlərdə aradan qalxacaq”.

Ağacan Abiyev idmançılara müraciət də edib.

“Mən sizin vasitənizlə üzümü ölkə idmançılarına tutub demək istəyirəm ki, idmandan yayınmaqla birinci növbədə özünüzü məhv edirsiniz. İdmana bir həftə ara verirsinizsə, daha bir neçə həftə lazımdır ki, formaya düşəsiniz. Bunun ziyanını ilk növbədə özünüz görürsünüz. Bu səbəbdən tələsik qərarlar verməyə ehtiyac yoxdur”.modern.az

DİGƏR XƏBƏRLƏR

Top