Azərbaycanda bu şəlaləyə baxmaq niyə pulludur? - Bələdiyyənin balansında imiş

Oğuz rayonunda yerləşən "Xal-xal" istirahət mərkəzində şəlaləyə baxmaq pulludur. Bir neçə gün öncə saytlarda bu barədə yayılan xəbər çoxlarının təəccübünə səbəb olmaqla yanaşı, sosial şəbəkələrdə müzakirə mövzusu olub. Fikir bildirənlər şəlalənin təbii sərvət olmasını əsas gətirib kimlərinsə onu qazanc məqsədi ilə hasara almasının, baxmaq üçün pul tələb etməsinin doğru olmadığını bildirmişdilər.

Məlumat üçün qeyd edək ki, istirahət mərkəzində şəlaləyə baxmağa keçid üçün 1 manat vermək lazımdır.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov "Yeniavaz.com" saytına açıqlamasında qoruqların, şəlalələrin hasara alınmasının qadağan olduğunu bildirdi: "Ümumiyyətlə, qoruqların, belə obyektlərin hasara alınması qəti qadağandır. Dövlət tərəfindən buna qadağa qoyulub. İcra Hakimiyyəti qoruqların hasarlanmasına icazə verirsə, qanunu pozur. Çünki hasar çəkmək canlı aləmin qarşısını almaq deməkdir".

"Onların maaşını haradan verməlidirlər?"

Telman Zeynalovun sözlərinə görə, şəlaləyə baxmaq üçün keçidi pul qazanmaq məqsədi ilə ediblərsə, bu doğru hal deyil: "Ancaq bir məsələ də var. Söhbət ondan gedir ki, yaşıllıqların, göllərin ətraf əraziləri zibilliklərdən təmizlənməli, mühafizə olunmalıdır. Bunu isə heç kim pulsuz etməz. Ərazini təmizləmək, qoruyub saxlamaq üçün 5-6 işçi olmalıdır. Girişi pullu ediblərsə, bu məqsədlə olmalıdır. Onların maaşını haradan verməlidirlər? Gələn camaatdan almalıdırlar. Amma bunu şəxsi qazanc məqsədi ilə edirlərsə, doğru hal deyil".

"XXI əsr pul əsridir. Müxtəlif yollarla pul qazanmağın zəmanəsidir. Qaz vurub, qazan doldururlar. Nə yolla olursa olsun pul qazanırlar. Əgər o pul ərazinin təmizliyinə baxan, qoruğunu çəkən fəhlələrin maaşı üçün yığılırsa, bu başqa məsələ. Çünki orada heç kəs havayı işləyəsi deyil. Amma yığılan həmin pul kimlərinsə cibinə gedirsə, bu tamamilə oğurluq hesab olunur".

"Ərazi Nazirliyin balansında deyil"

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə də əlaqə saxladıq. Qurumun mətbuat katibi İradə İbrahimova məsələdən xəbərdar olduqlarını bildirdi.

Onun sözlərinə görə, bu ərazi bələdiyyə torpağıdır: "Həmin yer bələdiyyənin ərazisidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid deyil. Bu əraziyə bələdiyyə baxır. Ona görə məsələyə bizim münasibət bildirməyimiz doğru olmazdı. Bununla əlaqədar suallarınıza cavab almaq üçün İcra Hakimiyyətinə müraciət edə bilərsiniz".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top