Bu saata 5000 manat verirlər, satmır - Azərbaycanda

Mingəçevir sakini Əbülhəsən Mirzəyev evində avtomobil qiymətinə olan qədim saatı qoruyub saxlayır. Yaşı 1 əsrdən, hündürlüyü 2 metrdən çox olan saatın qiyməti 5 min manatdır. Ə. Mirzəyev "Yeniavaz.com" saytına bildirib ki, vaxt ölçən bu cihaz ona babasından yadigar qalıb. Maraqlı əşya bu gün də sözün əsl mənasında saat kimi işləyir. Həm görnüşü təzədir, həm də öz təbii rəngini saxlayır.

55 yaşlı Mingəçevir sakini onu da deyib ki, vaxt ölçəni həftədə bir dəfə üzərindəki daşlar vasitəsi ilə işə salmalı olur: "1 əsrdən çox yaşı olan qədim saat bu gün də saz vəziyyətdədir. Evdə azyaşlı nəvələrim var. Mən onu bu günə qədər qoruyub saxlamışam, indi də balacalardan qoruyuram ki, saata xətər yetirməsinlər. Baba yadigarıdır. Onu məndən 5 min manata istəyənlər çoxdur. Saatın boyu hündür olduğuna görə üstünü silmək asan deyil. Onu da deyim ki, bu qədim saatın zəng səsi hər kəsi valeh edir. İstər gecə, istər gündüz - onun səsinə alışmışıq . Elə bilirik ki, o da ailə üzvlərimizdən biridir. Hətta evdə körpələr də bu səsə alışıb".

Qızıldan qiymətli bu saata Mingəçevirdə maraq göstərənlər çoxdur. Saata yüksək məbləğ təklif edənlər çox olsa da, Əbülhəsən baba yadigarı olan əşyanı satmaq fikirində deyil.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top