ABŞ Prezidentinin xüsusi nümayəndəsi Türkiyənin “Əl-Qaidə”yə kömək etdiyinə ehyam vurdu

Suriyanın Türkiyə ilə sərhədində yerləşən İdlib bölgəsində “Əl-Qaidə” terror qruplaşmasının təşkilatlanması təhdid törədir.

“Yeniavaz.com”un “Amerikanın səsi” radiostansiyasına istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidentinin İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Bret MakQark Orta Şərq İnstitutunun təşkil etdiyi “Tramp administrasiyasının terrorçuluqla mübarizə siyasətinin dəyərləndirilməsi” mövzusunda keçirilən paneldə deyib.

Onun sözlərinə görə, bu problemlə mübarizə aparmaq üçün Türkiyə ilə birgə yaxından çalışmaq lazımdır. Xüsusi nümayəndə qeyd edib ki, İdlib bölgəsi 11 sentyabr hadisələrindən sonra “Əl-Qaidə”nin ən böyük yerləşmə yerinə çevrilib: “Bu, çox ciddi problemdir və bir müddətdir davam edir. İdlibə gedən “Əl-Qaidə” liderləri çox vaxt oradan çıxmır. Ancaq bu sualı vermək lazımdır? “Əl-Qaidə” lideri Ayman əl-Zəvahirinin köməkçisi İdlibə nə üçün və necə gedə bilir? Bu, niyə baş verir? Oraya necə çatır? Onlar paraşütlə düşən əsgər deyillər. Buna görə Amerikanın bu məsələnin öhdəsindən gələ bilməsi üçün Suriyanın bəzi bölgələrində nə etdyi barədə danışmayacağam, ancaq bəzi tərəfdaşlarımızın on minlərlə silah göndərilməsinə və əcnəbi silahlıların bu bölgəyə getməsinə göz yummaları ən yaxşı yanaşma olmaya bilər və “Əl-Qaidə” bundan çox yararlandı”.

B. MakQark əlavə edib ki, hazırda ora Türkiyə sərhədinin düz yanında “Əl-Qaidə”nin yerləşmə yeridir: “Buna görə də bu mövzunu təbii ki, türklərlə çox ətraflı müzakirə edəcəyik. İŞİD-in nəzarət etdiyi bölgələrdə sərhədi bağladığımız və heç kəsin keçməməsini təmin etdiyimiz kimi bunu İdlibdə də etməyi düşünə bilərik”.

O, paneldən sonra jurnalistlərin “İdlibdəki “Əl-Qaidə”nin mövcudluğuna görə Türkiyəni təqsirləndirirsinizmi ?” sualına cavab verərkən deyib ki, bu, Türkiyə, Amerika, hamı üçün problemdir: “Bu problemlə mübarizədə Türkiyə ilə birlikdə yaxından əməkdaşlıq etməliyik”.

DİGƏR XƏBƏRLƏR

Top