"Halal" markası ilə satılan məhsullarla istehlakçılarımız belə aldadılır"

"Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) halal mallar, halal turizm, halal otel və s. ilə əlaqədar çoxsaylı istehlakçı müraciətləri ünvanlanır. Bunu nəzərə alaraq, mövcud standartlarda əks olunanlardan əlavə bəzi məsələlərə aydınlıq gətirmək qərarına gəldik". "Yeniavaz.com" saytının məlumatına görə, bunu birliyin sədri Eyyub Hüseynov bildirib.

Ekspert qetd edib ki, bu gün Azərbaycanın əmtəə bazarında, xarici ölkələrdən idxal olunan bir çox mallar "halal" markası ilə satılır: "Əksər hallarda istehlakçılar aldadılır. Qəbul etməliyik ki, həqiqi "halal" mal nişanı ilə istehsal olunan mallara bütün dünya ölkələrində, hətta dini mənsubiyyətindən asılı olmadan "ekoloji təmiz mal" kimi baxılır və böyük tələbatla alınır. Halal mal istehsal edən müəssisənin maliyyə mənbələri də halal olmalıdır. Yaxşı olar ki, o müəssisədə online izləmə sistemi mövcud olsun".

E. Hüseynov bununla bağlı təkliflərini də irəli sürüb: "Halal sertifikatlaşdırma beynalxalq təcrübədə geniş istifadə olunur. Onun əsas mahiyyəti istehsalçının tətbiq etdiyi halal standartlarını yoxlayaraq məhsulun halal qaydalara uyğun gəlməsini təsdiq edən bir sənəddir (sertifikat). Daha dəqiq desək, halal sertifikatlaşdırma - qida məhsulunun hazırlanmasının, qablaşdırılmasının eləcə də qida təhlükəsizliyinin idarə edilməsinin (menecmentin), avadanlıqların, infrastrukturun yoxlanılaraq təsdiq edilməsidir.

Son illər istər ölkəmizdə, istərsə də ölkəmizə idxal edilən ərzaq məhsulları ilə əlaqədar halallıqla bağlı qeyri-müəyyənlik davam edir. Əməkdaşlarımızın qonşu ölkələrdə apardıqları müşahidələr bunu söyləməyə əsas verir. Məsələn, son dövrlər Gürcüstan və Ukraynadan "Halal" adı altında məhsullar daxil olur. Lakin Gürcüstanda və Ukraynada apardığımız müsahibələr göstərir ki bu cür ətlər heç də halal hesab edilə bilməz. Belə ki, kəsim aparılan yerlərdə quraşdırılan avadanlıqla Halal standartların tələb etdiyi "Qiblə" istiqaməti düz gəlmir. Və yaxud həmin bu ölkələrdə istehsal olunan ətin müəyyən partiyalarla müsəlmanın kəsdiyini, digər hallarda isə qeyri müsəlmanın kəsdiyinin şahidi oluruq. Digər bir tələb anbarda saxlanılan məhsulun yalnız Halal olmasını tələb etdiyi halda bu anbarlarda həm guya İslami qaydalara uyğun kəsilən ətin, həm də digər ətlərin birlikdə saxlandığını görürük. Tələblərdən biri də heyvanı kəsərkən "Bismillah və Allahu Əkbər" ifadəsinin işlədilməsidir. Bunu qəssablar tərəfindən edilib-edilmədiyi məlum deyil. Umumən, bunun sübuta yetirilməsi üçün müvafiq texniki vasitələr təchiz olunmalıdır (məsələn, qəssabın geyiminə kicik mikrofon bərkidilməlidir).

Bundan başqa Halal standartlarında qida təhlükəsizliyi cox ciddi şəkildə qorunmalıdır. Lakin cox zaman elementar saxlama və daşınma rejimlərinə düzgün riayət edilmir. Ümumiyyətlə, irili-xırdalı Halal standartında 100 yaxın tələb var. Bundan başqa Gürcüstan, Ukrayna və Hindistandan gətirilən ətlərin sertifikatlarında konkret hansı standarta uyğun olması məlum deyil. Ümumiyyətlə, beynalxaq təcrübədə bir neçə məşhur standart var ki, (Malaziya və İslam Əməkdaşlıq Təşkilatı OİC:SMİİC standartı) idxal olunan məhsulların bu standartlardan birinə uyğunlaşdırılması lazımdır. Ölkəyə daxil olan, istər ölkə daxilində də istehsalçıların heç də hamısı bu şərtlərə riayət etmir".

"Son dövrlərin aktual məsələlərindən bir də Halal Turizmdir. İstər mətbuatda, istərsə də insanlar arasında geniş müzakirələrə səbəb olub və bu məsələ ilə bağlı AİİB-ə çoxsaylı zənglər daxil olur. Əsas da İslam Həmrəylik Oyunları və onda sonrakı dövrlərdə ölkəmizə gələn turistlərin sayı artıq bu shədə ciddi düşünməyə vadar edib. Bu gün dünya əhalisin (7.5 milyard) hər yeddi nəfərdən biri müsəlmandır (1.7 milyard). Bu öz-özlüyünə böyük rəqəmdir və müvafiq olaraq da turizmdə müəyyən payı vardır. Umumilikdə Halal iqtisadiyyatın həcmi (bank, qida, turizm və s.) 3 trilyon dollar dəyərində qiymətləndirilir. Halal turizm ümumi turizmin təqribən 10 faizini təşkil edir və 2020-ci ilə kimi bu rəqəm 233 milyard dollara çatacaq. Göründüyü kimi, rəqəmlər kifayət qədər ciddi rəqəmlərdi, bəs istər ölkəmizdə, istərsə də qonşu dövlətlərdə də bu doğurdanda Halal şəkildə təşkil olunurmu. Gəlin bəzi məqamlara diqqət yetirək. Halal turizm xidməti göstərən bir müəssisə təklif etdiyi otelin infrastrukturu, verilən qidalar, otel nömrələrinin quruluşu, nömrələrdə mövcud olan şəxsi gigiyena vasitələri (diş fırçası, şampun və s.), oteldəki əyləncə yerləri, bank xidmətləri, işçilərin geyimləri və s. islam prinsiplərinə uyğun qurulmalıdır. AİİB "halal otel" təşkil etmək istəyənlərə təmənnasız olaraq kömək etməyə hazırdır",-deyə Eyyub Hüseynov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top