"Onların vədinə inanmayın" - Ekspertdən tövsiyələr

2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları geridə qaldı. Bu gündən etibarən, 29 iyul - 10 avqust tarixlərində abituriyentlər üçün daha önəmli bir proses olacaq. İxtisas seçimi hətta qəbul imtahanlarından da çətin prosesdir. "Yeniavaz.com" xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov ixtisas seçimi edəcək abituriyentlərin nəzərə almalı olduqları nüansları açıqlayıb:

1) Kimlərinsə vədinə inanmayın. İxtisas seçimi elektron qaydada həyata keçirilir və insan faktorunun təsiri mümkünsüzdür. Yalnız abituriyentin topladığı bal əsasdır.

2) 200 balı keçmiş bütün abituriyentlər özəl universitetlərə onsuz da qəbul olur, bunun üçün ayrıca bir məsləhətə ehtiyac yoxdur.

3) 350 bala qədər toplayan abituriyentlərə ödənişsiz ixtisası yazmağı tövsiyə etmirəm. III-IV ixtisas qrupunda bu hətta 450 bal toplayan abituriyentlərə də aiddir.

4) İxtisas seçimi edərkən təkcə "Abituriyent 2" jurnalında keçən ilin formalaşmış müsabiqə balları əsas deyil. Keçən il hansısa balla qəbul olunma bu il də onun təkrar olunması demək deyil. Çünki keçən il abituriyentlərin sayı və onların topladığı bal fərqli idi.

5) Yaxşı olar ki, builki və keçənilki "Abituriyent 4" jurnalını müqayisə etsinlər, seçkiləri ixtisaslar üzrə plan yeri və təhsil haqqının fərqinə baxsınlar. Bu kimi hallar da ixtisas seçiminə təsir göstərir.

6) Seçdikləri ödənişli əsaslarla ixtisasların təhsil haqlarının onların büdcəsinə uyğun olub olmamasını qətiləşdirsinlər. Çünki qəbul olacaqları təqdirdə, qısa müddətdə o məbləğli tam şəkildə ödəməlidirlər. Hər il onlarla abituriyent məhz buna görə qeydiyyatdan keçə bilmir.

7) İxtisas seçimi edərkən 15 ixtisas kodundan ilk 5-liyi özlərinin balından 30-40 bal yüksəyi seçə bilərlər. Amma bu ancaq ilk 5 yerə aiddir. 11-15-ci yerlərin ixtisas kodunu özlərindən 50 bal aşağıya qədər seçsinlər.

8) Əsasən gələcək karyeralarını düşünüb ixtisas seçimi edin. Ali məktəblərə qəbul olmaq xətrinə ixtisas seçimi etməyin. Sonra işlə təmin olunmaq problemə çevrilir.

9) Valideynlərə tövsiyə olunur ki, abituriyentlərə ixtisas seçimi zamanı təzyiq və təsir göstərməsinlər.

DİGƏR XƏBƏRLƏR

Top