Yol polisləri üçün yeni CƏRİMƏ CİHAZI gətirilib... Ekspert: " Bu nədir, nə olan şeydir?"

Bəlli olduğu kimi, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi ilə bağlı sürücülərə və piyadalara xəbərdalıq edir.

Xəbərdarlıqda qeyd olunur ki, sürücülər törədilən xəta ilə bağlı təyin edilmiş cəriməni faizi ilə birgə müəyyən edilmiş müddətdə mütləq ödəməlidirlər:

"Əgər cərimələri varsa, ödəsinlər. Ödənilmirsə, həmin sürücülər qanunvericiliyə uyğun olaraq saxlanılacaq və avtomobilləri cərimə meydançasına aparılacaq. Eyni zamanda, sürücünün altı ay müddətində sürücülük hüququndan məhrum edilməsi ilə bağlı yol polisi tərəfindən vəsatət qaldırılacaq".

"Yeniavaz.com" xəbər verir ki, artıq reydlərə başlanılıb və cəriməni ödəməyənlərin nəqliyyat vasitələri cərimə meydançasına aparılır.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov isə bildirib ki, piyadalar tərəfindən də cərimələrin ödənilməsinə nəzarət gücləndirilib. Onun dediyinə görə, yazılmış protokollar üzrə ünvanlara müraciətlər edilib, ərazi üzrə sahə rəisləri bu barədə məlumatlandırılıb. Protokol yazılmış şəxslərin təhsil aldığı və yaxud işlədiyi müəssisələr qarşısında da cərimələrin tutulması ilə bağlı məsələ qaldırılıb.

Cərimələrin yığılması ilə bağlı bir maraqlı xəbər də yayılıb. Qeyd olunur ki, Azərbaycana yeni xüsusi cihaz gətirilib və bu cihaz xüsusi avtomobildə quraşdırılır. Həmin cihaz yaxınlıqdan keçən avtomobillərin nömrə nişanını dərhal oxuyur və avtomobilə aid ödənilməmiş cərimələrin olub-olmadığı dərhal üzə çıxır.

Yayılan məlumatlarda qeyd olunur ki, ilk olaraq bu cihazlardan Bakıda istifadə edilməsi nəzərdə tutulub.

Vaqif Əsədov belə bir cihazın alınıb ölkəyə gətirildiyini avtosfer.az-a açıqlamasında təsdiq edib.

"Bu cihaz müasir cihazdır və cəriməsi olan nəqliyyat vasitələrini dərhal qeydə alır. Həmin cihaz vasitəsilə aşkar olunan avtomobillər saxlanılacaq və cərimə meydançasına aparılacaq. Qanunvericilikdə də qeyd olunur ki, cərimə bir ay ərzində ödənmədikdə üzərinə faiz gəlir. İki ay ərzində ödənməsə avtomobilin saxlanılması barədə qərar çıxarılır. Üç ay ərzində ödənilmədikdə isə avtomobil cərimə meydançasına aparılmaqla yanaşı, həmin xətanı törətmiş şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Dövlət yol polisi də qanunun tələblərinə uyğun olaraq və yeni xüsusi cihazın köməyi ilə cərimələrin ödənməsini təmin etməyə çalışacaq",-deyə V. Əsədov bildirib.

Bəllidir ki, dövlət yol polisinə aid sistemində istənilən avtomobilin nömrəsini daxil etdikdə cəriməsinin olub-olmadığı görünür və yol polisləri də bunu rahatlıqla edirlər. Əgər bu mümkün idisə, onda yeni avadanlığın alınmasına ehtiyac nədən yaranıb?

Mövzu ilə bağlı hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Yeniavaz.com" saytının suallarını cavablandırıb: "Qanuna əsasən, kargüzarlıq qaydalarına riayət olunur, sürücü məlumatlandırılır və cəriməsi rəsmi kağızda ona verilir. Sürücü cəriməni qərar qüvvəyə mindikdən sonrakı 2 ay müddətində ödəməsə, onda xüsusi bir qərar çıxarılır ki, onun qaydanı pozarkən idarə etdiyi nəqliyyat vasitəsi saxlanılsın, duracağa qoyulsun və cərimə ödənilsin. Amma bunu müəyyən etmək üçün Azərbaycana xüsusi avadanlıq alınıb gətirilməsinə gəlincə, mənim məlumatım yoxdur ki, bu nədir, nə olan şeydir, texniki cəhətdən bu mümkündürmü? Qanuna əsasən bəli, nəqliyyat vasitəsi idarə olunan zaman qayda pozuntusu olubsa, cərimə tətbiq edilibsə və qüvvəyə minibsə, 2 aydan çox müddətə ödənilməyibsə, xüsusi bir qərar çıxarılır ki, onu duracağa qoyun. Amma həmin avtomobilin müəyyən edilməsi üçün xüsusi avadanlıq gətirilməsi təzə söhbətdir. Hardan alıblar, kimin fikridir? Qanunda var ki, cəriməsi ödənilməyən avtomobil duracağa qoyulsun, lakin mexanizmi qanun müəyyən eləmir. Yəni qanun müəyyənləşdirmir ki, bu avtomobil duracağa necə aparılsın".

Ərşad Hüseynovun sözlərinə görə, əslində dövlət yol polisinin sistemində istənilən avtomobilin nömrəsini daxil etdikdə cəriməsinin olub-olmadığı görünür: "Dövlət yol polisinin istənilən əməkdaşı öz patrul avtomobilində istənilən maşının nömrəsini sistemə daxil etdikdə görünür ki, bu avtomobilin cərimə var ya yox, ödəməsi gecikibmi, qərar varmı. Bundan ötrü hansısa xüsusi avadanlığa ehtiyac yoxdur. Deyilən avadanlığın necə olması ilə bağlı isə heç nə başa düşmürəm.

Bir daha qeyd edirəm, əgər söhbət cərimənin ödənməməsi ilə bağlı aşkarlanmadan gedirsə, yol polisi öz avtomobili ilə də onu aşkarlaya bilir. Dövlət yol polisinin mərkəzi informasiya sistemində qərar çıxarılır və yerləşdirilir ki, nömrəsi bu olan avtomobil dayandırılsın. Bunu xüsusi avadanlıq olmadan da dövlət yol polisi əməkdaşı əlində kompüter varsa, mərkəzi informasiya sisteminə girə bilirsə, müəyyən edə bilir".

Məsələ ilə bağlı Vaqif Əsədovla danışıb daha ətraflı məlumat almaq istəsək də, gün ərzində edilən zənglərimizə cavab verilmədi.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top