Bələdiyyələr ödənişi gecikdirənlərə faiz hesablayır - bildirişlər paylanır FOTO

Bakının Binəqədi rayonunda əmlak vergisi üzrə borcunu ödəməyən vətəndaşlara əlavə faiz hesablanır. "Yeniavaz.com" xəbər verir ki, Binəqədi bələdiyyəsinin vətəndaşların bəzilərinə verdiyi tədiyyə bildirişində bu öz əksini tapıb. Bəzi bildirişdə ötən dövrlər üzrə vergi borcu bir, fəiz məbləği isə ayrı göstərilir. Bəs bu nə dərəcədə doğrudur? Həqiqətən, bələdiyyələrin əmlak vergisi üzrə borc gecikdirildiyi təqdirdə, əlavə faiz hesablama səlahiyyəti varmı?

Hüquqşünas Qaçay Şahbazov saytımıza açıqlamasında: "Vergi ödənişləri vaxtında icra olunmursa, bələdiyyələr ödənişi etməyən fiziki və ya hüquqi şəxslərdən məhkəmə qaydasında həmin ödənişləri tələb edə bilərlər. Bələdiyyələrin məhkəmə qarşısında qaldırdıqları iddiada məhkəmə xərclərini, əlavə xərcləri cavahdeh tərəfdən tələb etmək hüquqları var. Bu, qanunvericilikdə öz əksini tapıb",-deyib.

Onun sözlərinə görə, əgər tərəflər arasında əvvəlcədən müqavilə bağlanarkən vergi vaxtında ödənməyəcəyi təqdirdə, məbləğlərin üzərinə faiz hesablanması nəzərdə tutulmuşdursa, bu, qanunverciliklə əsaslandırılmalıdır. Yəni hansı qanunvericiliyə əsasən vətəndaşdan əlavə faiz tələb edir?"

Hüquqşünas qeyd edib ki, bələdiyyə vergi verməli olan tərəfə bildiriş göndərməli, borcun məbləğini göstərməli və vətəndaşın ödəməli olduğu vaxtı qeyd etməlidir: "Yenə də vergi öhdəlikləri pozularsa, bələdiyyənin məhkəmə qaydasında həmin vəsaiti tələb etmək səlahiyyəti var".

Mövzu ilə bağlı suala cavab tapmaq üçün Binəqədi Bələdiyyəsinin "faizli" tədiyyə bildirişini vətəndaşlara təqdim edən müfəttişlərindən biri ilə əlaqə saxladıq. Müfəttiş burada qanunsuz bir şey olmadığını və faizin mövcud qanunvericilik əsasında müəyyənləşdirildiyini bildirdi. Müfəttişin dediyinə görə, Binqədi Bələdiyyəsinin əmlak vergisini ödəməyi gecikdirən vətəndaşlara faiz hesablamasında qeyri-adi heç nə yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top