Mingəçevirdə hesabat yığıncağı keçirilib

Mingəçevirdə bu ilin 6 ayının yekunları ilə bağlı hesabat yığıncağı keçirilib. "Yeniavaz.com" xəbər verir ki, iclasda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Mingəçevirdə "Asan xidmət" və "Sənaye parkı"nın tikintisi sürətlə davam edir: "Bu ilin dekabr ayında 2000 min işçi olmaqla Sənaye parkında iki fabrik işə salınacaq. Burada həm kosmetika, həm də corab fabrikləri fəaliyyət göstərəcək".

Hesabat yığıncağında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov geniş məlumat verib.

Daha sonra idarə, müəssisə rəhbərləri də gördükləri işin hesabatını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Bütün çıxışları dinləyən icra başçısı nöqsanlara da toxunub. O, ekologiyaya məsul olan qurumun şəhərdə yarıtmaz fəaliyyətindən danışıb. Bildirib ki, şəhərin bazar ətrafı zibilliklər içindədir: "Qurumuş ağacları kəsmək üçün edilən müraciət vaxtında icra olunmur. Fərdi ev tikən sakinlər zibillərini Kür çayına axıdırlar. Bütün bunlara göz yuman qurum şəhərdə öz fəaliyyətsizliyini nümayiş etdirir".

"Hesab edirəm ki, Prezidentin son müşavirədəki tövsiyə və tapşırıqları hər birimizin, eləcə də sahibkarlıqla məşğul olan iş adamlarının qarşısında mühüm vəzifələr qoyur.

Əminəm ki, birlikdə qarşıda bizi gözləyən işlərin öhdəsindən layiqincə gələcəyik. Bu yolda hamınıza uğurlar arzulayıram. Hesab edirəm ki, bu tapşırıqların yerinə yetirilməsi üçün bütün qüvvəmizi səfərbər etməli, ilin sonuna qədər onların icrasına nail olmalıyıq",- deyə icra başçısı vurğulayıb.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərova bildirib ki, tibbi təchizat yaxşılaşdırılıb: "Xəstəxanaya LOR kombayn, laporoskopik əməliyyat üçün dəst, 4D ultrasəs müayinə aparatı, Hamilton süni ventelyatorlar, portativ süni tənəffüs aparatı, monitorlar, sterilizator və paketləmə aparatı, MQ aparatı, neonatologiya üçün küvezlər, "Beckman" markalı laborator analizatorlar, avtomatlaşdırılmış ginekoloji, proktoloji stolların alınması tibbi xidmətin keyfiyyətinin artırılmasına səbəb olub".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top