Aİ ilə vizasız rejimdən sonra 3 min Gürcüstan vətəndaşı geri qayıtmayb

Avropa İttifaqı (Aİ) ölkələri ilə vizasız rejimin tətbiq edilməsindən sonra Gürcüstanın təqribən üç min vətəndaşı Avropadan müəyyən edilmiş müddətdə ölkəyə geri qayıtmayıb.

“Yeniavaz.com”un “Nastoyaşeye Vremya” telekanalına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Şalva Xutsişvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın 55 min vətəndaşından təqribən üç mini (yəni 6 faizindən çoxu) müəyyən edilmiş müddətdə geri qayıtmayıb: “Bu o demək deyil ki, həmin vətəndaşlar Aİ ilə viza rejimini birmənalı olaraq pozublar. Onlar Gürcüstanla vizasız rejimi olan Ukrayna, Türkiyə və Belarus kimi ölkələrə keçə bilərlər”.

Ş. Xutsişvili bildirib: “Biz geri qayıtmayan insanları potensial risk qrupuna aid edirik və monitorinq aparırıq: onlar hansı regiondan gediblər, onlar kimlərdir, hansı əlaqələri var, onları nə maraqlandırır və s.”

Xatırladaq ki, Gürcüstan üçün Aİ-nin Şengen zonasına vizasız giriş 28 mart 2017-ci il tarixində tətbiq olunub. Gürcüstan vətəndaşları Şengen zonası ölkələrində yarım il ərzində vizasız 90 gün qala bilərlər, lakin bu müddət ərzində Aİ ölkələrində işə düzələ, təhsil ala, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər.

DİGƏR XƏBƏRLƏR

Top