"Sürücülərimiz tipik elementar səhvlə ağır qəzalar törədirlər" - Nəqliyyat eksperti

"Vəkil dostlardan birinin icraatında olan cinayət xarakterli yol-nəqliyyat hadisəsinin (2 nəfər ağır xəsarət alıb) videosuna baxırdıq. Sürücülərimizin tipik elementar səhvi görünür". "Yeniavaz.com" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

"Sağda, yoldan kənarda dayanan avtomobil yola çıxır, qaydanı pozur və arxasından gələni buraxmır. Vəkil dostumun müdafiə etdiyi bu arxadan gələn isə rahat tormozlanma ilə həmin mədəniyyətsizi buraxa bilərdi. Amma buraxmır və əksər sürüclərimiz kimi tormozu unudaraq sükanı fırladır. Nəticədə sol zolağa keçir, həmin zolaqda isə başqa biri bundan da sürətlə gəlir və arxadan çırpılır. Beləcə, dostumun müdafiə etdiyi sürücü xırda bir səhv ucbatından təqsirkara çevrilir, hansı ki, hətta tormoz verməsə də, getdiyi zolaqda qalsaydı, uzağı xırda bir hadisədə zərərçəkən ola bilərdi. Sürücü dostlar, heç vaxt belə etməyin. Qaydalar belə halda sürücüdən bircə şeyi imperativ tələb edir: maneə varsa, sürəti azalt, lazımdırsa, dayan. Zolaq dəyişmək isə həm məcburi deyil, həm də belə diqqətsizliklə edildikdə faciəyə gətirir",-deyə ekspert vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top