
"Jurnalistlərə verilən mənzillərlə bağlı müzakirələr səngimək bilmir. Əslində, bu, müzakirədən daha çox, qarşılıqlı ittihamlara bənzəyir". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri tanınmış yazıçı Firuz Mustafa bildirib.
"Hesab edirəm ki, qələm əhlinin mənzillə təmin edilməsi müsbət haldır. Bəziləri belə düşünür ki, "evləşən" jurnalistlərin qələmi istər-istəməz "yumşalacaq", kəsərdən düşəcək. Düşünürəm ki, əksinə, bundan sonra cəsarətlilər daha da cəsarətli olacaq. Əlbəttə, bu məntiqlə, indiyəcən həqiqətin üzünə dik baxa bilməyənlərin gözü daha da zəifləyəcək.
Yeri gəlmişkən, mənzil alanları da bir neçə qrupa bölmək olar:
1. Mənzilə ehtiyacı olub mənzil alan jurnalistlər.
2. Mənzilə ehtiyacı olmaya-olmaya mənzil alan jurnalistlər.
3. Jurnalist olmaya-olmaya, daha doğrusu, jurnalistikaya dəxli olmadığı halda mənzil alanlar.
Əlbəttə, haqqı olub mənzil almayanlar da kifayət qədərdir.
Və bütün bunlardan başqa, mənzilə ehtiyacı ola-ola bu barədə müvafiq komissiyaya müraciət etməyən güclü, qüdrətli, istedadlı qələm sahibləri də var ki, zənnimcə, siz onları yaxşı tanıyırsız.
Alınmayan və satılmayan qələmlər həmişə olub və olacaq", - deyə yazıçı jurnalistləri bayram təbrikində bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz