Jurnalistlərlə görüş keçirilib FOTOLAR

Ağdaşda 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib. "Yeniavaz.com" xəbər verir ki, görüşdə çıxış edən Şəhər İcra Hakimiyyəti başçısının müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Bildirilib ki, böyük ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də nəşrə başlayan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsası qoyulub. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə əqidə dostları Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani, Seyid Əzim Şirvani və başqa şəxslərlə cəhalətə qarşı mübarizə aparıb, millətin savadlanması, qadınların hüquqlarının qorunması istiqamətində yazılarla çıxış edib.

Sonra Rayon İcra Hakimiyyətinin məsul işçisi Qalib Həsənov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatımızın yüksəlişi və tərəqqisi naminə gördükləri işlərdən söz açıb.

Tədbirdə çıxış edənlər ölkə və region mətbuatının hazırkı vəziyyətindən, bu sahənin inkişafı istiqamətində görülən işlərdən, şəhərdə aparılan geniş tikinti-quruculuq və abadlıq işlərindən danışıblar. Sonda jurnalistlərə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top