Türkiyə Rusiyadan bu silahı alsa, ABŞ narahat olacaq

Ankaranın S-400 raket əleyhinə müdafiə sistemi alması Vaşinqtonu narahat edərdi. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Qərargahlar Rəisləri Komitəsinin sədri general Cozef Danford Kolorado ştatının Aspan şəhərində keçirilmiş təhlükəsizlik üzrə konfransda çıxış edərkən deyib.

C. Danforda onun “Türkiyənin Rusiyadan ən yeni hava hücumundan müdafiə (HHM) vasitələri almasına” necə yanaşması barədə sual verilib. General isə cavabında deyib: “Bu, KİV-in həqiqətə uyğun olmayan məlumatı idi. Onlar (Türkiyə) Rusiyadan S-400 HHM sistemini almayıblar və əgər onlar bunu etsəydilər, bu, narahatçılıq doğurardı. Ancaq onlar bunu etmədilər”.

C. Danford qeyd edib ki, ABŞ Türkiyəni mühüm müttəfiq hesab edir, hərçənd Vaşinqton və Ankara arasında fikir ayrılıqlarının olmasını da etiraf edib. O əmin edib ki, Suriyada istənilən siyasi və ya hərbi qərar, habelə təhlükəsizlik sahəsində Ankarada narahatlıq yaradan məsələlər Türkiyənin uzunmüddətli maraqlarını tam nəzərə almaqla həyata keçiriləcək.

Xatırladaq ki, Rusiya Prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin daha əvvəl bildirmişdi ki, S-400-ün Türkiyəyə tədarükünə dair müqavilə razılaşdırılıb. “Rostex” dövlət korporasiyasının beynəlxalq əməkaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov da demişdi ki, Rusiya və Türkiyə S-400 sistemlərinin tədarükünə dair müqavilənin texniki parametrlərini artıq razılaşdırıblar. Bununla belə o qeyd etmişdi ki, müqavilənin özü imzalanmayıb, tərəflər sazişin qeyri-texniki aspektlərini müzakirə edirlər.

Qeyd edək ki, S-400 “Triumf” uzaq mənzilli zenit-raket sistemi 2007-ci ildə silahlanmaya qəbul edilib. O, aviasiya, qanadlı raketlər və ballistik raketlərin məhv edilməsi, eləcə də orta fəaliyyət radiusu üçün nəzərdə tutulub, yerüstü obyektlərə qarşı da istifadə oluna bilər. Rusiya Hərbi Kosmik Qüvvələrinin baş komandanının müavini Viktor Qumennıy apreldə bəyan etmişdi ki, S-400 üçün yaxın fəzadakı hədəfləri məhv edə biləcək raketlər silahlanmaya daxil olmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top