Qahirənin Cinayət Məhkəməsi Misirin baş prokuroru Hişam Bərəkətin öldürülməsində təqsirləndirilən 28 şübhəliyə qarşı ölüm hökmünü təsdiq edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar dar ağacından asılmaqla edam edilməyə məhkum olunublar. Cinayət işi üzrə daha 15 nəfər ömürlük həbs cəzası alıb, səkkiz müttəhim səkkiz il azadlıqdan məhrum edilib, 15 müqəssirin hər biri isə 10 il dəmir barmaqlıqlar arasında qalacaq. Bir müttəhim məhkəmə araşdırmaları zamanı vəfat edib, ona hökm oxunmayıb. Ümumilikdə qətlin təşkilində, hazırlanmasında və törədilməsinə 67 nəfər iştirak edib.
Qeyd edək ki, iyunun 17-də bu səs-küylü cinayət işi üzrə 30 müttəhimə ilkin olaraq ölüm hökmü çıxarılmışdı. Lakin Misir qanunvericiliyinə əsasən, yekun ölüm hökmü verilməzdən öncə ölkənin baş müftisinin rəyi tələb olunur, bu səbəbdən hökmün verilməsi gec müddətə təxirə salınmışdı. 2015-ci ilin iyununda paytaxt Qahirədə Misirin baş prokuroruna qarşı sui-qəsd törədilib, o, sonradan aldığı yaralardan ölüb. Misirin daxili işlər naziri Maqdi Əbdülqaffar bəyan edib ki, qətli Fələstinin HƏMAS hərəkatının üzvlərinin yardımı ilə “Müsəlman qardaşları” təşkil edib. H. Bərəkət ən qalmaqallı cinayət işləri ilə məşğul olub. Bunların sırasında Misirin keçmiş Prezidenti Məhəmməd Mursinin müttəhim olduğu həbsxanadan qaçış işi də var.