Gəncədə çalışan jurnalistlər Əsgər ağa Goraninin məzarını ziyarət ediblər

22 iyul - Milli Mətbuat və Jurnalistika Günündə Gəncədə çalışan kütləvi informasiya vasitələrinin nümayəndələri Həsən bəy Zərdabinin məsləkdaşlarından
və “Əkinçi” qəzetinin yaradıcılarından olan Əsgər ağa Goraninin (1857-1910) məzarını ziyarət ediblər. Qeyd olunub ki, öz dövrünün ən işıqlı simalarından olmuş Əsgər ağa Gorani (Adıgözəlov) tarixdə maarifçi, xeyriyyəçi, publisist, tərcüməçi, teatr xadimi kimi qalıb. O, ədliyyə sistemində də çalışıb, ömrünün son 5 ilində isə Gəncə şəhər bələdiyyə idarəsinin sədri olub. Əsgər ağa Gorani 1857-ci ildə Gəncə bölgəsinin Goran-Boyəhmədli kəndində doğulub. Onun “Əkinçi” qəzetinin 17 nömrəsində 39 məqaləsi dərc olunub. O həmçinin milli teatr tariximizdə iz qoyub. 1873-cü il martın 10-da peşəkar milli teatrımızın əsasını qoyan "Lənkəran xanının vəziri" tamaşasında baş rolu (Teymur ağa) oynayıb. "Qara yel" romanının müəllifidir. Əsgər ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə Gəncədə biri qızlar üçün olmaqla dörd məktəb, xəstəxana açılıb, sahil bağı salınıb, dahi Nizaminin qəbri təmir olunub. Əsgər ağa Gorani 1910-cu ildə Gəncədə vəfat edib, şəhərin “Səbiskar” qəbiristanlığında dəfn olunub.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top