Yəməndə davam edən münaqişədə həlak olan dinc sakinlərin sayı açıqlandı

2014-cü ildən etibarən Yəməndə davam edən silahlı münaqişədə beş mindən çox dinc sakin həlak olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu BMT-nin İnsan haqları üzrə ali komissarının idarəsinin mətbuat katibi Rupert Kolvill deyib. Onun sözlərinə görə, idarə 2015-ci ildən etibarən mülki şəxslər arasında 13,609 nəfərin xəsarət almasını qeydə alıb: “Bunlardan 5,021 nəfəri həlak olub, 8,588 nəfəri isə yaralanıb. Çox güman ki, xəsarət alanların ümumi sayı daha çoxdur, çünki ehtimal olunur ki, münaqişə başlayandan bəri 11 mindən artıq dinc sakin ölüb”.

Xatırladaq ki, Yəməndə 2014-cü ildən bəri silahlı münaqişə davam edir. Münaqişə tərəflərindən biri “Ənsar Alla” hərəkatınının üsyançı husiləri və keçmiş Prezident Əli Abdulla Salehə loyal olan ordunun bir hissəsidir, digəri isə hökumət qoşunları və Prezident Əbdürrabbu Mənsur Hadiyə loyal olan könüllü qoşun dəstələridir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası havada və yerdə hakimiyyətə dəstək verir. Buna cavab olaraq husilər Səudiyyə Ərəbistanının sərhədyanı rayonlarını atəşə tuturlar.

DİGƏR XƏBƏRLƏR

Top