Sığınacaqda doğulan körpə və bərdəli ananın qandonduran hekayəsi - MÜSAHİBƏ

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında dünyaya göz açan Leyla qucağımda dərin yuxuya getmişdi. Burda qadınlar dərdlərini danışmağa utanmır. Onlar danışmaq istəyəndə aldıqları bütün zərbələr boğazlarında düyünlənir və danışa bilmirlər. Leylanın anasına "Bizimlə danışmaq istəyirsiniz?" sualını verməyimə peşiman oldum. Ağladı... Araya dərin sükut çökdü. Sükutu mən pozdum:

- Yaxşı, sakitləşin. Danışmaya bilərsiniz. Bu sizin seçiminizdir.

- Mənim 6 uşağım var. (Göz yaşlarını silir...)

- Neçə yaşınız var?

- 1987-ci ildənəm. Artıq 30 yaşım var. 11 ildir ki, evliyəm.

- Sığınacağa necə gəlmisiniz?

- "Xəzər TV"də yayımlanan "Səni axtarıram" verlişinə müraciət etmişdim. Ordan məni bura göndərdilər. 6 uşaq anasıyam. 2 oğlum, 4 qızım var (ağlayır). 3 qızım mənimlə bir yerdədir. Oğlanlarım ataları ilə qalır. 1 qızımı isə anadan olanda, həyat yoldaşım başqa bir ailəyə verib.

- Başa düşmədim... Xəbəriniz var idi bundan?

- Yox. Məndən xəbərsiz danışıb, razılaşıb. Uşağımı istədiyim üçün də qovulmuşam. "Xəzər TV"yə də ona görə çıxmışdım.

- Tapa bildiniz uşağı?

- Vermirlər. Yerini də bilirəm. Amma vermirlər. Üzülmürəm. Gül kimi balalarım var. Allahın qisməti belədir.

- Maddi vəziyyətiniz necədir, gəliriniz var? Ümumiyyətlə, hardasa işləyirsiniz?

- Hazırda uşağa görə işləmirəm. Ali təhsilim də yoxdur. Əsasən, günlük işlərə gedirəm. Ev, ofis təmizləyirəm. 3 il əvvəl ailəmdə problemlər yaranmağa başladı. Evimi dağıdan 5 il birlikdə çörək kəsdiyim insan olub. Həyat yoldaşımın dostunun arvadı (ağlayır). İndi onunla yaşayır. Uşağımı istədiyim üçün mənə acıq etdi, qızlarımla birgə evdən qovdu. Oğlanlarımı məktəbdən qayıdanda ala bildim. 8 may günü iki oğlumu qaçırtdı. Məhkəməyə verdim. Bilmirəm uşaqlarıma nə deyib, özlərini məni tanımırmış kimi aparırlar. Yad adam kimi yanaşdılar mənə. İndi dostunun arvadı ilə evlidir. Çıxanda evdən heç nə götürməmişəm. Heç bir sənədim yox idi. İndi əynimə geyindiyim paltarlar, uşağımın paltarlarını burdan verdilər bizə. ... Nə deyim?

- Uşaq nə vaxt dünyaya gəlib?

- Bura gələndə 8 aylıq hamilə idim. İyunun 25-i anadan olub. Sığınacğa kömək edən, yardımsevər bir xanımın adını vermişəm qızıma.

- Valideynləriniz var? Onlar kömək etmirlər?

- Bərdə rayonunun Göyüşlü kəndindənəm. Kənd qızıyam. Valideynlərim sahib çıxır mənə. İki qardaşım var. Amma deyirlər ki, qızlarını ver atalarına, gəl evə. Uşaqlarımı necə atım? Onların gələcəyi var. Bunu edə bilmərəm. Ona görə də indi burda qalıram. Böyük qızımın 7, o birinin 5, ərimin başqasına verdiyinin isə iki yaşı var. Oğlanlarım məktəbə gedir. Nə edəcəyimi bilmirəm. (Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top