Əmlakın qeydiyyata alınması prosesi sadələşdirilir

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilmə müddəti 10 iş gününə endirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi istiqamətində işlər aparılıb. Artıq ipoteka qeydiyyatı 3-5 gün ərzində həyata keçirilir.

Həmçinin bu sahədə şəffaflıq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Komitə tərəfindən Əmlakın Qeydiyyatı Kalkulyatoru istifadəyə verilib. Əmlakın qeydiyyatı kalkulyatoru sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər.

Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir.

Qeyd edək ki, qısa müddət ərzində kalkulyatordan istifadə edənlərin sayı 20 minə yaxın olub.

Xatırladaq ki, 2017-ci il ərzində ölkə üzrə 93 min 302 daşınmaz əmlak qeydiyyata alınıb.

DİGƏR XƏBƏRLƏR

Top