Fransa Silahlı Qüvvələri Baş Qərargah rəisi istefa verdi

Fransa Silahlı Qüvvələri Baş Qərargah rəisi Pyer de Vilye ölkə Prezidenti Emmanuel Makronla dərin fikir ayrılıqları fonunda istefa verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, fikir ayrılıqları Müdafiə Nazirliyinin büdcəsi ətrafında yaranıb. P. De Vilye istefasını izah edərkən bildirib: “Hesab edirəm ki, ordu modelinin dayanıqlığını təmin etməyə daha haqqım yoxdur. Buna görə bu gün Prezidentə istefa ərizəmi təqdim etmişəm və o, istefamı qəbul edib”.

Xatırladaq ki, ötən həftə P. De Vilye cari il üçün hərbi xərclərin 850 milyon avro məbləğində azaldılması planları barədə sərt çıxış edib. O, parlament dinləmələrində bəyan edib ki, özünün Maliyyə Nazirliyi tərəfindən alçaldılmasına imkan verməyəcək. Buna cavab olaraq, E. Makron P. de Vilyenin adını çəkmədən bəzi məsələlər haqqında açıq diskussiya aparmaq cəhdini nalayiq adlandırıb.

P. de Vilye 1975-ci ildən hərbi xidmətdədir. O, 2014-cü ilin fevralından Fransa Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsini tuturdu. P. de Vilyenin səlahiyyət müddəti 2018-ci ilin iyununda başa çatacaqdı.

DİGƏR XƏBƏRLƏR

Top