"Media ictimaiyyəti səbirsizliklə 21 iyul tarixini gözləyir. Həmin gün 225 nəfər jurnalistə mənzil paylanacaq". "Yeniavaz.com" xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.
"Siyahıda kimlər var? Bu məsələ ilə bağlı müzakirələr davam edir, məsul şəxslər artıq bu məqsədlə yaradılan komissiyanın işləri başa çatdırdığını, siyahının son variantının Prezident administrasiyasına təqdim edildiyini bildirirlər. Digər tərəfdən isə yenə də kimlərinsə bu güzəştlərdən sui istifadə edə biləcəyi, haqqı çatmayanların da siyahıda ola biləcəyi ilə bağlı mesajlar verilir. Bu məsələdə 2 əsas prinsip olmalıdır. Haqqı çatan və onların içərisində ilk növbədə imkanı olmayanlar bu siyahıda olmalıdır.
Haqqı çatmaq dedikdə isə fikrimcə, hansısa bürokratik prinsiplərdən daha çox, iddia edənin ölkənin informasiya mühitindəki yeri, indiyədək informasiya cəmiyyətinin formalaşmasına verdiyi töhfələr, onun ictimai çəkisi, ictimai rəyin formalaşmasındakı rolu, internet, sosial media və elektron media mühitində, lap elə "offlayn" mühitdə istehsal etdiyi informasiyanın ictimai çəkisi və həcmi kimi prinsiplər nəzərə alınmalıdır. Əlbəttə, düşünürəm ki, qərar qəbul edənlər üçün də bu, elə də asan məsələ deyil. Eyni zamanda fikrimcə, yalnız redaksiyalardan daxil olan müraciətlərə arxayın olaraq yekun siyahı formalaşdırmaq da yetərli olmazdı. Ən azı müstəqil olaraq bu sahədə çalışan bloqçular, jurnalistlər, media ekspertləri, informasiya cəmiyyəti quruculuğunda müxtəlif statuslarda, müxtəlif formalarda iştirak edənlər, hazırda rəsmi olaraq heç yerdə çalışmayanlar da var. Qanunvericiliyə görə, onlar da media təmsilçiləridir və ölkənin media mühitinin, informasiya cəmiyyətinin formalaşmasına ciddi töhfələr verirlər və bu baxımdan mənzil əldə etməyi arzulamaq onların da haqqıdır. Bu baxımdan düşünürəm ki, qərar qəbul edənlər, bu sahəyə məsul olanlar bunları da nəzərə almalıdırlar. Yeri gəlmişkən gizli deyil ki, bəzən büdcədən yardım alan qəzetlərin siyahısında haqqı çatanlarla bərabər, mənasız, ictimai rəyə nəinki təsir edən, heç bu mühitdə yetərincə tanınmayan media qurumlarının da adlarına rast gəlmək olur və təəssüf ki, bu tip qurumlar da il ərzində büdcədən yüz minlərlə vəsait alırlar. Ümid edirik ki, mənzil məsələsində bu tip hallarla rastlaşmayacağıq və yanaşma yetərincə ədalətli olacaq",-deyə ekspert bildirib.