Elzanın olduğu deyilən şeirin əsl müəllifi TAPILDI

Tarif Şurasının qərarı ilə "Aİ-92" markalı benzinin qiyməti bahalaşandan sonra sosial şəbəkələrdə əməkdar artist Elza Seyidcahanın adından şeir paylaşıldı. Həmin şeirin əsl müəllifi jurnalist Anar Rəsuldur. A. Rəsul bu şeiri Elza Seyidcahanın adından yayımlanması ilə bağlı açıqlama verib. "Yeniavaz.com" onun açıqlamasını təqdim edir: "Hörmətli media nümayəndələri, dəyərli jurnalistlər! 15.07.2017 tarixində gecə saatlarında Tarif Şurasının benzinin qiymətini artırmaqla bağlı məlum qərarından sonra Tarif Şurasına xitabən satirik üslubda yazdığım bir neçə cümləni (buna şeir demək olmaz) bəzi saytlar və jurnalislər səhifəmə və mənə istinadə etmədən, müəllifi təhrif etməklə hörmətli Elza xanımın adından yazılmış şeir nümunəsi kimi ictimaiyyətə təqdim ediblər. Bunun da nəticəsində haqlı olaraq Elza xanımın kəskin etirazı ilə qarşılaşıblar. Axı o üslubda yazılmış cızma-qaraların olması onların hamısını Elza xanımın yazması anlamına gəlmir. Elza xanımın son çıxışını dinlədikdə belə anlaşılır ki, yazını yazan müəllifin sırf onun adından istifadə etdiyini düşünür. Lakin səhifəmə, paylaşımlarıma diqqət etsəniz yazılmış rəylərdən də görə bilərsiniz ki, səhifəmin izləyiciləri bunu mənim yazdığımı bilir və sadəcə bir zarafat olduğunu anlayırlar. Belə olan halda yazımı səhifəmdən icazəsiz götürərək Elza xanımın adından yazılmış şeir kimi oxuculara "sırımaq" saxta reytinq toplamaqdan başqa bir şey deyil. Hörmətli həmkarlar, jurnalistikanın qanunlarına, etik normalara və müəllif hüquqlarına hörmətlə yanaşmağınızı xahiş edirəm. Bir şəxsin adına etmədiyi işi, yazmadığı yazını çıxmaqla reytinq toplamaq heç bir mətbu orqana başucalığı gətirməz. Elza xanımın həmin saytları məhkəməyə vermək istəməsi onun haqqıdır və buna hörmətlə yanaşıram. Yazdığım yazı dəyərli bir sənət nümunəsi olsaydı, mən də müəllif hüquqlarımın pozulması səbəbi ilə eyni addımı atardım. Səhv informasiyanı yayan bütün saytları təkzib verməyə və Elza xanımdan üzr istəməyə çağırıram".

Qeyd edək ki, Elza Seyidcahan bu şeiri onun adından yayanları məhkəməyə verəcəyini bildirib: "Ey bəzi savadsız, Azərbaycan xanımına və öz xalqına hörmət etməyənlər... Düşmən axtarmağa dəyməz, düşmən artıq bizim içimizdədir elə. Bir-birimizin adından olmayan sözləri dərc etdiririk. Lazımsız, mənə aid olmayan sözləri mənim adımdan yazırsınız. Bəzi saytlar beləmi tükəniblər ki, həmən yazılan yanlış məlumatı öz saytlarında Elza Seyidcahanın adından yerləşdiriblər? Nə olar ki? Məhkəmədə cavab verərsiniz hamınız ki, nəyə görə əsası olmadan benzinin bahalaşması ilə bağlı guya Elza şeir yazıb, niyə paylaşmısınız? Elzanı təhlil edin, təmsil edin, təqlid edin, təbliğ edin, hörmət edin. Amma öz benzininizə yazığınız gəlsin. Çünki öz benzininizi Elzaya sərf edirsiniz. Buna görə də benzin yaxşı olub bahalaşıb. Dəmirin benzininə görə narahat olursunuz, amma öz benzininizə görə heç narahat olmursunuz, Elzaya sərf edirsiniz. Hörmət edirsiniz. Əlbəttə ki, bunu alqışlamaq lazımdır. Ayıb olsun sizlər üçün, tərbiyəsizlər".

DİGƏR XƏBƏRLƏR

Top