İqtisadçılar benzinin qiymətinin artması ilə bağlı nə düşünürlər? - Rəylər

Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Etiraf edək ki, bu markalı benzinin qiymətinin 20 qəpik bahalaşması gözlənilən olmadı. Bir çoxları, xüsusən, maddi baxımdan orta və aşağı təbəqənin nümayəndələri olan insanlar benzinin qiymətinin bahalaşmasının digər sahələrə də təsir göstərə biləcəyindən narahatdılar. Bəs iqtisadçılar bu mövzuda nə düşünürlər? Benzinin qiymətinin bahalaşması onlar üçün gözlənilən idimi? Onlar buna əsas görürlərmi? İqtisadçılar Tarif Şurasının qiymət artımı ilə bağlı verdiyi açıqlamadakı əsaslandırmasını nə dərəcədə real hesab edirlər? "Yeniavaz.com" saytı bununla bağlı onların fikirlərini öyrənib. Şərh vermədən həmin fikirləri təqdim edirik.

Natiq Cəfərli: "Bir çox sahələrdə ciddi qiymət artımı olacaq"

İqtisadçı Natiq Cəfərli: "Benzinin qiymətinin bahalaşması mənim üçün şəxsən sürpriz olmadı. Çünki təbii inhisarçıların - "SOCAR" da onlardan biridir - böyük problemləri, yerli və xarici öhdəlikləri var, struktur və idarəetmə səhvlərinə görə, idarəetmə şəffaf olmadığına görə qazanc əldə etmək problemləri yaşanır. Bu yaxınlarda hətta büdcəyə olunan dəyişikliklərdən ən çox payı yenidən "SOCAR" aldı, büdcədən külli miqdarda vəsaitin dotasiya şəklində "SOCAR"a verilməsinə qərar verildi. Bunlara baxmayaraq, xarici borcla əlaqəli "SOCAR"ın vəziyyəti yaxşı deyil. Ona görə də xarici borcların bir hissəsinin qapanmasını, daxildəki problemlərin və öhdəliklərin bir hissəsinin yerinə yetirilməsini vətəndaşın çiyninə qoymaq yolu ilə, yəni qiymət artımı yolu ilə həll etməyi düşünürlər. Bundan 11 gün öncə dəmir yolları ilə də bağlı eyni qərar verilmişdi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin xarici borcları artdığından daxildə 20 faiz qiymət artımına getmək şərti ilə, yəni biletlərin qiymətini artırmaqla borcların bir hissəsini qapatmağı düşünürlər. Nə qədər ki, bazarda rəqibi olmayan inhisarçı şirkətlər idarəetmənin şəffaflığını artırmayacaqlar, effektivliyini artırmayacaqlar, onların problemləri, borcları vətəndaşın çiynində qalacaq. Bundan sonra çox güman ki, nəqliyyatın qiymətində dəyişikliklər olacaq - sərnişindaşımada da qiymət artımı olacaq. Kənd təsərrüfatı məhsullarının qiyməti artacaq. Ərzaq məhsullarının qiymətinə də ciddi təsir göstərəcək. Çünki ərzaq məhsullarının qiymətində logistikanın, yəni daşımaçılığın təqribən 20-25 faiz maya dəyərində payı var. Yanacağın qiymətini bir gecədə təqribən 29 faiz artırdılar. Bu gündən artıq taksi xidməti bahalaşıb. Bir çox sahələrdə ciddi qiymət artımı olacaq. Bir daha vurğulayıram - əsas səbəb dövlət inhisarçı şirkətlərinin şəffaf idarə olunmaması və onların daxili, xarici borclarının kifayət qədər yüksək səviyyəyə qalxmasıdır".

Azər Mehtiyev: "Bunu şərh eləmək üçün heç bir arqument yoxdur"

İqtisadçı Azər Mehdiyev: "Qiymət qalxması elə bir prosesdir ki, ilk növbədə bunu edənlərin fikri öyrənilməlidir. Həqiqətən də bizim üçün bunun şərh eləməyin heç bir arqumenti yoxdur. Hökumət hansı arqumentlərdən çıxış edib bu addımı atdığını izah etmək əvəzinə, gecə vaxtı, özü də istirahət günlərinə salmaqla (şənbə və bazar günləri hökumət qurumları işləmir) onlar suala cavab verməkdən yayınırlar. Tarif Şurasının verdiyi izahda məntiqi bir önəmlilik yoxdur. Azərbaycan Dövlət Neft Şirkəti hansısa avadanlığını yeniləmək istəyir, neft emalı proseslərini modernləşdirmək istəyir, ona görə də əlavə vəsaitə ehtiyac var, bunu əhalinin cibindən çıxartmalıdır. Ümumiyyətlə, nə iqtisadi baxımdan, nə siyasi baxımdan bu izaholunmaz bir şeydir. Sabah bu modernləşmə prosesi baş tutacaq, tutmayacaq bilinmir. Olarsa belə, sabah da deyəcəklər ki, modernləşdirmişik, keyfiyyəti qaldırmışıq, ona görə qiyməti yenidən qaldıraq. Yaxud bildirirlər ki, "SOCAR"ın ixrac imkanları məhdudlaşır, daxili tələbat artıb. Daxili tələbat artırsa, bunun ödənilməsinə diqqət artırılmalıdır, nəinki daxili tələbatı kəsib ixrac etmək hesabına gəlir əldə etmək... Ölkə daxilində əldə olunan gəlirləri ixracdan əldə olunan gəlirlərə bərabərləşdirmək cəhdidir. Yəni prosesin özündə mahiyyət izah oluna bilmir. Dövlət büdcəsinə dəyişiklik edib Azərbaycan Dövlət Neft Şirkətinə əlavə vəsait cəlb edilir. Başlanan prosesin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkətində ciddi problemlər mövcuddur. O cümlədən digər şirkətlərdə. Bu problemlərin aradan qalxması üçün həqiqətən də vəsaiti əhalidən toplayırlar. Bu qiymət artımının başqa cür şərhi mümkün deyil.

Benzinin qiymətinin qalxması əlaqədar sahələrə də təsir göstərəcək. Nəqliyyat vasitələrinin əksəriyyəti benzinlə işləyir. Düzdür, hələ dizelin qiyməti artmayıb, ancaq mənim diqqətimi çəkən bu oldu ki, bu gün dizellə işləyən avtomobillərin sahibləri dizel ehtiyatı görməyə başlayıblar. Bunun həm psixoloji, həm də birbaşa təsirləri olacaq. Necə baş verəcəyini söyləmək çətindir. Ona görə ki, son illər hökumət sərt inzibati addımlarla bu cür proseslərin qarşısını almağa çalışır".

Akif Nəsirli: "Suyun, eketrik enerjisinin, yanacağın bahalaşması ardıcıllıqla gedir"

İqtisadçı Akif Nəsirli: "Ümumiyyətlə, Tarif Şurasının əsas olaraq göstərdiyi səbəblərin heç biri qiymətlərin qaldırılmasına demək olar ki, əsas vermir. Mən belə düşünürəm ki, Azərbaycan hökuməti digər sahələrdə itkiləri bu yolla kompensasiya etməyə çalışır. Bu tendensiya 1 il bundan əvvəl başlayıb. Ölkədə devalvasiyanın getməsi, maliyyə böhranının olması və bunun ardınca suyun, eketrik enerjisinin, yanacağın bahalaşması ardıcıllıqla gedir. Maliyyə çatışmazlıqlarını əhalinin cibinə girməklə ödəməyə çalışırlar. Bu çox primitiv, çox sadə yoldur. Bu yolu hamı bilir. Ağıllı iqtisadi siyasət yürüdən hökumət mütəxəssislərinə maliyyə çatışmazlığını iqtisadi yollarla, iqtisadi proqramlar vasitəsilə aradan qaldırmaq tapşırığı verməlidir.

Azərbaycan neft ölkəsidir, burada neft istehsal edilir və bu xalqın sərvətidir. Əslində Gürcüstan, Türkiyə vətəndaşları üçün yanacaq, enerji daşıyıcıları əlçatmaz olsa, başadüşüləndir. Çünki onların bu sərvəti yoxdur, dünya bazarı ilə uyğunlaşırlar, oradan alınan resurslar hesabına bu enerjidaşıyıcılarına olan ehtiyaclarını ödəyirlər. Azərbaycanın isə təbii sərvəti var. Bu sərvət hamınındır, hamının əli çatmalıdır. Ölkədə vətəndaşın tələbatının tam şəkildə ödənilməsinə şərait yaradılmalıdır.

Bütün istehsal sahələrində enerji daşıyıcılarının payı əsasdır. Hər hansı bir sahədə istehsal gedirsə, burada mexanizmlər işləyir, yük daşınır və s. Bütün istehsal sahələrində benzinin tutduğu maya dəyəri də artacaq. Bu da qiymətlərin artmasına gətirib çıxaracaq. Yay ayı olmasına, məhsulun mövsümü olmasına baxmayaraq, bundan sonra həftələrlə, günlərlə qiymət artımlarını müşahidə edəcəyik. Bu mənim şəxsi qənaətimdir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top