
Cari ilin iyun ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 14 milyard 794 milyon manat kredit verilib. “Yeniavaz.com” Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 18,7% və ya 3 milyard 403,1 milyon manat azalıb. Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin aprel ayının əvvəlinə problemli kreditlərin həcmi 225,6 milyon manat və ya 14,9% artaraq 1 milyard 739,8 milyon manata yüksəlib.
Son bir ay ərzində problemli kreditlərin həcmi 145,7 milyon manat və yaxud 9,1%, ilin əvvəli ilə müqayisədə isə 106,7 milyon manat və yaxud 6,5% artıb.
Qeyd edək ki, iyunun əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 11,8% paya malik olub. Problemli kreditlərin həcmi bugünə kimi qeydə alınan ən yüksək səviyyəyə çatıb. Onu da bildirək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki paya may ayının əvvəlində 10,3%, aprelin əvvəlində 10,2%, ötən ilin sonunda 9%, bir il bundan əvvəl isə 8,3% olub.
Onu da bildirək ki, milli valyutada verilən 8 milyard 25,7 milyon manatlıq kreditlərin 858,1 milyon manatı, xarici valyutada verilən 6 milyard 768,3 milyon manatlıq kreditlərin isə 881,6 milyon manatı vaxtında geri qaytarılmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz