Sabah imtahan verəcək abituriyentlər üçün önəmli məqamlar...

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. "Yeniavaz.com" xəbər verir ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2728 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda 34041 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16009, III qrup üzrə 15028 nəfər), 3004 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1879, III qrup üzrə 1125 nəfər) məzunudur.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 8-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Təhsil üzrə ekspert Kamran Əsədov imtahan verəcək abituriyentlər üçün öz tövsiyələrini açıqlayıb.

Ekspert bildirib ki, ən böyük problemlərdən biri abituriyentlərin vaxtı düzgün bölməmələridir: "İmtahana buraxılış vərəqənizdə göstərilən vaxtdan gec olmayaraq, imtahan verəcəyiniz binanın qarşısına gedin. Özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələm götürün. Cavab kartları qırmızı rəngdədir. "Cavab kartı"ndakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona gorə də "Cavab kartı" ilə işləyərkən ehtiyatlı olun. Dairələri tam qaralayın, kartın əks üzünün qabarmaması ucun qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz. Kompüter onun üzərindən ancaq qara və tünd rəngləri oxuya bilir. Bu səbəbdən mütləq imtahana qara və ya tünd qələm götürün. Hətta çalışın qələminizin sayı 3-4 ədəd olsun. Hamısını getməmişdən əvvəl yoxlayın. Yazıb-yazmamasını nəzərdən keçirin. "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq axşamdan görünən bir yerə qoyun ki, yadınızdan çıxmasın. Çünki göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız! Özünüzlə imtahana su aparın. Ancaq onu stolun atlına qoyun. Stolun üstünə qoyulan su bəzən cavab vərəqəsinin üstünə tökülə bilir. Bu da sizi düz bir il geri sala bilər.

İmtahan zalında "İmtahana buraxılış vərəqəsi"ndə gostərilən sırada və yerdə oturduqdan sonra nəzarətçinin izahatını diqqətlə dinləyin. Aydın olmadıqda əlinizi qaldırıb nəzarətçiyə müraciət edin. Nəzarətçinin izahatına qulaq asmaq sizin həm də psixoloji gərginliyinizi azaldacaq.

"Cavab kartı"nı doldurduqdan sonra sizə sual kitabçaları paylanacaq. Sual kitabçasının üzərindəki varianta diqqət edin. (A, B, C, D variantları ola bilir).

Onun sizə verilən "Cavab kartı"ndakı qaralanmış variantla uyğunluğuna diqqət edin. Əgər düzgün olmasa, dərhal nəzarətçiyə müraciət edin. Belə ki, imtahan nəticələriniz qiymətləndirilərkən cavablarınız yalnız "Cavab kartı"nızda qaralanmış varianta uyğun "Sual kitabçası"nın doğru cavabları ilə müqayisə ediləcəkdir. "Sual kitabçası"nın sizə duzgun təqdim olunduğuna əmin olun. "İmtahan başlandı" elan edilən andan suallara cavab vermək üçün ayrılan vaxtdan səmərəli istifadə edin. Məsləhətdir ki, cavabı birbaşa cavab kitabçasına yazmayasınız".

DİGƏR XƏBƏRLƏR

Top