İfası ilə məşhurlaşan çobana Dövlət İmtahan Mərkəzi kömək etmədi - Müraciət VİDEO

Səsi ilə məşhurlaşan çoban ifaçı Pərvin Səfərovun təhsil almaq ümidi reallaşmaya bilər. Bu barədə "Yeniavaz.com" saytına açıqlamasında ifaçının özü məlumat verib: "Hamı ümidlənmişdi ki, mənim üçün təhsil yolu açılıb. Oxuduğum bir mahnının videosu ilə sosial şəbəkələrdə məşhurlaşdım. Saytlar, televiziyalar məndən müsahibə aldılar, hətta dövlət qurumları da mənimlə maraqlandılar. Mədəniyyət və Turizm Nazirliyi məni işlə təmin etdi. Bununla bərabər məni Azərbaycan Milli Konservatoriyasına dəvət etdilər, maraqlandılar, diqqət göstərdilər. Öz növbələrində bildirdilər ki, bizim üzərimizə düşən nə varsa, kömək edəcəyik. Onu da bildirdilər ki, Dövlət İmtahan Mərkəzinə (DİM) məktub ünvanlayaq, sənə istedadını nəzərə alıb dəstək olsunlar və imtahanda güzəşt edilsin. Beləliklə, mən Nazirlər Kabinetinə məktub ünvanladım, oradan isə DİM-ə yönləndirildi. DİM-dən 1 ay sonra mənə zəng vurdular ki, bəs sizin istəyiniz mümkün deyil. Bildirdim ki, məni belə yönləndiriblər, nə deyiblərsə, elə etmişəm, siz də üzərinizə düşən nədirsə, mümkün olduğu qədər mənə kömək edin. Onlar bildirdilər ki, biz səni sadəcə olaraq imtahanda qeydiyyata sala bilərik, imtahanda iştirak edə bilərsən. Bal toplaya bilsən keçərsən, toplaya bilməsən, bizlik deyil, belə bir qayda yoxdur, bizim öz qanunumuz var. İmtahanda iştirak elədim və təəssüflər olsun ki, 18 bal topladım. Sonra qabiliyyət imtahanına qeydiyyat başladı və mən də proseduru davam etdirmək istədim. Mənə bildirdilər ki, 18 bal toplamısan, heç bir yerə sənəd verə bilmərsən. Beləliklə, qabiliyyət imtahanı üçün qeydiyyatdan keçə bilmədim".

"Cəmiyyət səsimi bəyənibsə, DİM də köməklik edə bilərdi"

İfaçı qeyd etdi ki, bütün bunlarla bağlı Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimiyə də məlumat verib: "Ümumiyyətlə, Konservatoriyaya davamlı olaraq məlumat verirdim. Onlar da ümid edirdilər ki, DİM də öz növbəsində köməkliyini əsirgəməz. Lakin belə olmadı. Siyavuş Kərimi bundan çox təəssüfləndi. Hamı ümidlənmişdi ki, mənim üçün təhsil yolu açılıb. Mayın 1-də böyük sənətkarlarımız - xalq artisti Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova Siyavuş müəllimin təşkil etdiyi müsabiqədə mənim qabiliyyətimi yoxlamışdılar. Onlar da müsbət fikirlərini bildirdilər. Hələ də deyirlər ki, dəstək göstərməyə hazırdılar. Bu qədər insanlar, sənətkarlar, cəmiyyət mənim səsimi bəyənibsə, DİM də köməklik edə bilərdi. Uşaq yaşlarımdan arzum budur ki, öz milli musiqilərimizi ifa edim, təbliğ edim. 14-15 il əvvəl olsaydı, hazırlaşıb özüm imtahan verərdim. O vaxt ailəmin imkanı olmadı, çoxlu problemlər var idi. İndi isə 32 yaşım var. Mənimlə bağlı məsələ artıq ictimailəşdi və hər kəs əlindən gələni etdi, amma DİM etmədi".

"İstəyirəm öyrənim, təhsil alım, peşəkar olum"

İfaçı bununla bağlı Prezident İlham Əliyevə də məktubla müraciət etdiyini dedi: "Mənə məsləhət görüldü ki, cənab Prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya məktub ünvanlayım. 2 gün bundan öncə məktub ünvanladım.

Fürsətdən istifadə edib buradan da Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət etmək istərdim. İstedadımı hər kəs gördü, hər kəsə artıq məlumdur. Bilirəm ki, cənab Prezident və Mehriban xanım istedada, Azərbaycanın milli musiqisinə, muğama dəstək olublar, inkişafına köməklik göstəriblər. Ümid edirəm ki, onlar bu müraciətimi görəndən sonra mənə də dəstək olacaqlar. İstəyim, arzum budur ki, Azərbaycan musiqisini, milli mahnılarımızı oxuyum, təmsil edim, bununla bərabər təhsil alım. İstəyirəm öyrənim, təhsil alım, peşəkar olum".

"Mənə deyirdilər "qoyunları sat, Bakıya gəl"

Pərvin Səfərov qeyd etdi ki, təhsil alması ilə bağlı gündəmə gələndə bir çoxları ona qoyunları satmağı tövsiyə edib: "Çox adam mənə deyirdi ki, qoyunları sat, Bakıya gəl. Əslində, satmazdım, amma yenə də fikirləşirəm yaxşı ki, satmamışam, Çünki onlar mənim ruzim, çörək yerimdir. Qoyunları satsaydım, indi qalmışdım Bakının küçələrində avara. Yeri gəlmişkən qeyd edim ki, mən rayonda işə götürüləndə demişdilər yaradıcılıqla məşğulsan, öz işinin arxasınca get, işə gəlməyə bilərsən. O gün zəng vurublar ki, işlərin nə yerdədir, necə oldu? Dedim alınmadı, DİM kömək etmədi, həm təəssüfləndilər, həm də dedilər onda işinə gəl, heç olmasa, bu əlindən çıxmasın. Kəndə qayıdandan sonra işlərimə davam edəcəm, amma təhsillə bağlı hələ də ümidliyəm. İnanıram ki, səsimə səs veriləcək".

Nicat

Coban ifacı

DİGƏR XƏBƏRLƏR

Top