Ən çox bahalanan məhsulların adı açıqlandı

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz bahalaşıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, bu ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından lobyanın, bibərin, tərxunun, xiyarın, pomidorun, qarğıdalının, baş soğanın, kartofun, albalının, alçanın, gilasın istehsalçı qiymətlərində ucuzlaşma, baş kələmin, şüyüdün, süfrə çuğundurunun, baş sarımsağın, yonca və fındığın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti bahalaşıb, südün və quş ətinin istehsalçı qiymətləri isə ucuzlaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

DİGƏR XƏBƏRLƏR

Top