Bu qida əlavələrini həkim reseptinə yazmaq olmaz - Qanun belə tələb edir

Azərbaycanda bir çox insanlar hələ də bioloji fəallığa malik qida əlavələrini dərman kimi başa düşürlər. Bu yanılma isə səbəbsiz deyil, belə ki, bioloji aktiv əlavələrin alınması xəstələrə məzh həkimlər tərəfindən tövsiyə olunur. "Yeniavaz.com" saytının xəbərinə görə, hüquqşünas Elnur Əliyev bildirib ki, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır: ""Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bioloji fəallığa malik qida əlavələri (biodobavka) orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır".

Hüquqşünas qeyd edib ki, bioloji fəallığa malik qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqlərində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş "dərman vasitəsi deyildir" sözləri yazılmalıdır: "Bioloji fəallığa malik qida əlavələrinin satışı aptek təşkilatlarında, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə həyata keçirilir. Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir".

"İnzibati Xətalar Məcəlləsinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə - həkimlər əlli manatdan yüz manatadək məbləğdə, həmin həkimlərin işlədiyi tibb müəssisələri isə yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilməlidirlər. Üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) "dərman vasitəsi deyildir" sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə şirkət rəhbərləri, aptek rəhbərləri və s. beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, dərman şirkətləri isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməlidirlər",-deyə hüquqşünas bildirib.

DİGƏR XƏBƏRLƏR

Top