Araz Ağalarov oğlu Eminin Trampın oğlu ilə olan əlaqələrindən danışıb

Emin Ağalarov və ABŞ Prezidenti Donald Trampın oğlu həqiqətən də tanışdırlar və birgə iş görüblər. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyada yaşayan azərbaycanlı sahibkar Araz Ağalarov deyib. Bununla belə, “Korkus” qrupunun prezidenti və sahibi A. Ağalarov qeyd edib ki, D. Trampın oğlunun dərc etdiyi məktub uydurmadır. Həmin məktubda E. Ağalarov guya ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona qarşı kompromat təklifi edib. O bildirib: “Fikrimcə, bu, hansısa uydurmalardır. Mən bilmirəm bunu kim uydurur. Hillari Klintonun nə əlaqəsi var? Mən bilmirəm”. A. Ağalarov D. Trampın oğlu ilə tanış olmadığını vurğulayıb: “Emin onunla tanışdır, mən onunla tanış deyiləm. Biz “Miss kainat” gözəllik müsabiqəsini keçirmişik və o zaman təmaslar quruldu. Onlar təxminən eyni yaşdadırlar, haradan bilim onlar hansı mövzuda ünsiyyət saxlayıblar. Nə isə barədə söhbətləşiblər, bilmirəm”. Bununla belə o diqqətə çatdırıb ki, Eminin əlaqə saxladığı prodüser Rob Qoldstounu tanımayıb: “Mən Qoldstounu da düzəməlli tanımıram. O, yəqin Eminlə menecer qismində müəyyən müddət işləyib, yaxud Amerikada hansısa işləri irəli aparıb, bilmirəm. Qısası, o işləyib. Onlar birlikdə söhbət ediblər”.

Xatırladaq ki, Amerika prezident seçkilərində uduzan H. Klintonu dəstəkləmiş Demokratik Partiya yönümlü ABŞ mətbuatı bir ildir D. Trampa qarşı kampaniya aparır və onu Moskva ilə əlaqələrdə şübhəli bilir. D. Trampın oğlu ilə bağlı qalmaqal bu kampaniyanın növbəti mərhələsi oldu. Belə ki, kiçik Donald Tramp ABŞ prezidentliyi seçkilərində keçirilmiş kampaniya zamanı rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşüb. Kiçik Tramp görüşün keçirildiyini təsdiqləyib və bildirib ki, onu vəkilin H. Klintonun maliyyə fırıldaqları barədə əhəmiyyətli dərəcədə kompromat təqdim edəcəyi vədi ilə aldadaraq tələyə salıblar. Lakin vəkil görüş zamanə bu məsələ ilə bağlı aydın heç nə deyə bilməyib və kiçik Tramp söhbəti boş vaxt itkisi kimi səciyyələndirib. Ardından ABŞ Prezidentinin oğlu həmin görüşə qədər olan yazışmanı dərc edib. Yazışmadan məlum olur ki, piarçı və prodüser R. Qoldstoun Trampa E. Ağalarovun zəngi barədə yazıb. Guya E. Ağalarov H. Klintonun işləri barədə kağızlar təqdim etmək istəyir. R. Qoldstoun sonrakı izahlarında iddia edir ki, Emin həmin məlumatları atası A. Ağalarovdan alıb. Təfərrüatı öyrənmək üçün isə rusiyalı vəkillə görüşmək tələb olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top