Rusiyanın Türkiyədəki səfirinə silahlı hücum - səfir öldü (FOTO, VİDEO)

Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub.

Yeniavaz.com saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzində təşkil etdiyi "Səyahətçinin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərginin açılış mərasimində baş verib.

Sərginin açılışında çıxışına başlayan zaman naməlum şəxs səfir Andrey Karlova atəş açıb.

"Günahsız insanları öldürdünüz, ya Allah, Bismillah, etdiklərinizə icazə verməyəcəyik. Mən buranı ölmədən tərk etməyəcəyəm, mənə yaxınlaşmayın" qışqıraraq cibindən çıxardığı silahdan bir neçə dəfə atəş açaraq səfiri ağır yaralayıb. Bundan sonra havaya dəfələrlə atəş açıb və tədbir iştirakçılarının salondan çıxmasını tələb edib.

Səfir ağır vəziyyətdə Güvən Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin şəxsin sərgi salonuna polis vəsiqəsi ilə daxil olduğu da iddia edilir.

Sui-qəsd zamanı daha 3 nəfərin yaralandığı bildirilir. "Milliyet"in xəbərinə görə sui-qəsdçi öldürülüb.

Hadisədən 45 dəqiqə sonra Türkiyənin DİN naziri Süleyman Soylu hadisə yerinə gəlib.

***

Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Türkiyədəki səfiri Andrey Karlovun güllələnməsi barədə açıqlama verib. XİN rəsmisi Mariya Zaxarova bildirib: “Bu gün Ankaradakı ictimai mərasim zamanı naməlum şəxs xaotik atəş açıb. Rusiya tərəfi bu məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə hər an əlaqədədir".

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun aldığı güllə yaralarından keçindiyini təsdiq edib.

Mariya Zaxarova hadisəni terror aktı olaraq qiymətləndirdiklərini söyləyib.

“Rusiya Federasiyası səfrinin Türkiyədə öldürülməsi məsələsi BMT Təhlükəsizlik Şurası üzvləri qarşısında da qaldırılacaqdır”, Mariya Zaxarova bəyan edib.

Rusiya səfiri

DİGƏR XƏBƏRLƏR

Top