Azərbaycanda övladına görə vəzifəsini itirən MƏMURLAR - Siyahı

Oğlu xuliqanlıq etdiyinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Hüseyn oğlu Orucovun prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılması xəbəri ölkə gündəmini zəbt edib. Baş Prokurorluğun məlumatında qeyd olunur ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu, Rüstəm Orucovun törətdiyi ilk cinayət deyil. Belə ki, piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığı üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək, onları övladlarını düzgün tərbiyə etməyə çağırıb. Ölkə başçısı keçirdiyi müşavirələrdə vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib: "Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".

"Oğlunun etdiyi xuliqanlığa görə xidmətdən azad edilən general vaxtilə Azərbaycanda sürücü kontingentini hazırlayan əsas şəbəkənin - DOSAAF kimi tanınan, çoxlu sürücülük məktəblərini birləşdirən qurumun rəhbəri olub". Bunu hüquqşünas Ərşad Hüseynov bildirib. Hüquqşünas qeyd edib ki, Novruzəli Orucovun oğlunun sürücü kimi "qəhrəmanlıq"ları barədə oxuyanda yollarımızdakı xaos və özbaşınalığın "əsaslı" olduğu qənaəti hasil olur.

Millət vəkili Sahib Alıyev isə hadisəni özünəməxsus şəkildə şərh edib: "Bəzi çox pulu olanlar bilirsinizmi özlərini niyə, yumşaq desək, adekvat aparmırlar? Pul nədir, pul əslində həm enerji daşıyıcısı, həm də enerji qaynağıdır. Yəqin fikir vermisiniz, uşaqlar enerjilərinin çoxluğundan bir yerdə durmur, tez-tez dəcəllik edir, nəyisə sındırır, dağıdırlar. Çünki yetkin deyillər. Pulu çox olan bəzilərinin "qudurğanlıq" kimi qiymətləndirilən hərəkərtlərinin arxasında duran səbəb də budur - onların yetkin olmamaları. Görünür, həmən pul da uşaqlardakı enerji kimi ağır zəhmət hesabına qazanılmayıb. Ağır zəhmətlə qazanılan pul haqq edilən puldur, xərclənən enerjinin qarşılığında əldə olunandır. İnsan zəhmət çəkmədən yetkinləşə, yetkin adam isə qudurğan ola bilməz".

"Yeniavaz.com" olaraq qeyd edək ki, Novruzəli Orucov oğlu avtoxuliqanlıq etdiyinə görə, işdən qovulan yeganə vəzifəli şəxs deyil. Son illərdə oğlunun ərköyünlüyü səbəbindən çoxlu sayda məmur vəzifəsini itirib. Onlardan bəzilərini qeyd etmək yerinə düşər...

Tərtər Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Vidadi Bəylərov övladının avtomobillə törətdiyi hadisəyə görə bir müddət öncə işdən çıxarılmışdı. Bildirilir ki, onun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi qəza nəticəsində bir nəfər ölüb.

Bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da oğlu avtoxuliqanlıq etdiyinə görə işdən çıxarılmışdı. Onun oğlu, polis əməkdaşı Tural Həsənov "BMW X6" avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilmişdi. Daxili işlər naziri Ramil Usubovun əmri ilə Tural Həsənov polis orqanlarından da xaric olunmuşdu.

Oğlu avtoxuliqanlıq etdiyinə görə, işdən çıxarılan növbəti vəzifəli şəxs Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov olub. O, oğlunun avtoxuliqanlıq etməsi, polisə tabe olmamasından sonra vəzifəsini itirib. Onun oğlu Ceyhun Səfərov sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilmişdi. "Yeniavaz.com" saytı olaraq onu da əlavə edək ki, Allahverdi Səfərov hələ də işsizdir. Səhhətində problem yarandığı üçün Allahverdi Səfərov müalicə olunur, oğlunun isə başqa bir işdə çalışdığı bildirilir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov oğlu avtoxuliqanlıq etdiyi üçün vəzifəsindən qovulanlardandır. Məlumat üçün bildirək ki, onun oğlu qəza törədərək məşhur tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsinin ölümünə səbəb olub. "Mercedes-Benz G-55"in sürücüsü Xalid Mədətovun bu əməlinə görə, atası Mübariz Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edilib.

Heç kəsə belə bir hadisə ilə üzləşməyi, başqasının ölümünə və ya xəsarət almasına səbəb olmağı arzulamırıq. Heç kəsə övladının ərköyün olması səbəbindən vəzifəsini itirməyi də arzulamırıq, lakin yəqin ki, bu hələ son deyil. Yəqin ki, bundan sonra da ərköyün övladının xuliqanlığı və ya avtoxuliqanlığı, qəza törətməsi, cinayət işləməsi səbəbindən vəzifəsini itirənlər olacaq...

Nicat

DİGƏR XƏBƏRLƏR

Top