"Bu hadisə bir çox vəzifəli şəxslərə, ailə üzvlərinə XƏBƏRDARLIQDIR"

"Dünən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işdən azad edilmiş rəisinin müavini general-mayor Novruzəli Orucov tutduğu vəzifədən azad edilib. Artıq dünəndən başlayaraq bu məsələdən xəbəri olan da yazır, xəbəri olmayan da. Və söz-söhbətlərin uzanmaması üçün mən də qərara aldım ki, bu haqda bir neçə faktı açıqlayım". "Yeniavaz.com" xəbər verir ki, bunu hərbi ekspert, tanınmış ictimai fəal Üzeyir Cəfərov bildirib.

"Generalın ölkə başçısı tərəfindən vəzifədən azad edilməsi əsla onun xidməti fəaliyyəti ilə əlaqədar deyil. Bu onun övladının etdiyi cinayət xarakterli hərəkəti ilə bağlıdır və hesab edirəm ki, çox doğru və düzgün addımdır. Qısaca onu xatırladım ki, iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Və faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Generalın oğlu R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hesab edirəm ki, bu hadisə bir çox vəzifəli şəxslər və onların ailə üzvlərinə də bir ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Həqiqətən də, bir sıra məsələlərə görə əsəblərin gərildiyi bir zamanda kimliyindən asılı olmayaraq, hər kəs özünü qanunlar çərçivəsində normal şəkildə aparmalı və öz məsuliyyətini dərindən dərk etməlidir. Bu gün bəzi vəzifəli şəxslərin təkcə ailə üzvləri deyil, hətta xidməti və ya ailə avtomobillərinin də sürücüləri bəzən ölkə ərazisində özbaşınalığa yol verir, cəmiyyətə və insanlara qarşı açıq hörmətsizlik hallarına yol verirlər.

Mətbuatda olan dostlardan da xahişim budur ki, bu cür hallar olduğu təqdirdə onlar çəkinmədən bu neqativ halları ictimailəşdirsinlər və kimliyindən asılı olmayaraq, hər kəs özbaşınalıqdan uzaq olsun. Hüquq-mühafizə orqanları da bu cür hallarla rastlaşdıqda tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq ədalətli mövqe tutsunlar, yekəxanaları yerində oturtsunlar. Onu da qeyd edim ki, Azərbaycanda müşahidə etdiyim əcaib mənzərələrdən biri də vəzifəli şəxslərin və onların ailə üzvlərinin ətrafında "pul iyinə" gələn saysız-hesabsız "qaqaş"lar və qoluzorlular olur ki, onlar özlərini "yaxşı oğlan" gösətərməkdən ötəri sanki biri digəri ilə bəhsə çıxır. General Novruzəli Orucovun hazırda həbsə alınan oğlunun dostlarından biri durub öz yoldaşına ağıllı məsləhət verməyib ki, atdığı yanlış və qanunsuz addımdan onu çəkindirsin. Özləri də bədbəxt oldular, dostlarını da rəzil duruma saldılar. Bunun özü əslində çox böyük faciədir. Dost dediyin və bildiyin şəxs səni qorumaq əvəzinə, səni daha da acız və acınacaqlı duruma salır.

Ölkə başçısına isə hər zaman belə prinsipiallıq göstərməyə və kimliyindən asılı olmayaraq hər kəsə həddini və yerini bilməkdə bundan sonra da qətiyyətli addımlar atmaqda uğurlar arzulayıram. Çünki, bu təkcə bir nəfərə aid məsələ deyil, bütövlükdə cəmiyyətimizin və dövlətimizin nüfuzu ilə bağlı bir məsələdir",-deyə Üzeyir Cəfərov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top