"Həkim qadınlara, qızlara mesaj göndərir ki, gəlin, "sizi gözəl edəcəyəm" - Ölən modelyerin anası VİDEO

Bakıda estetik əməliyyat zamanı ölən 20 yaşlı model Leyla Oruclunun anası Sevinc Alpman "Yeniavaz.com" saytına hadisənin qaranlıq məqamları ilə bağlı geniş açıqlama verib. Məlumat üçün bildirək ki, model Leyla Oruclu "Zəfəran hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girib və bu barədə ailəsinə xəbər verməyib. Sonradan onun halı pisləşib və dünyasını dəyişib. Anası iddia edir ki, qızına psixoloji təzyiqlər olub.

- Qızınızın faciəli ölümü artıq xeyli müddətdir müzakirə mövzusudur. Bir-birinə ziddiyyətli məlumatlar var, xüsusən onun ailəsindən gizlin əməliyyata girməsi ilə bağlı. Qızınız necə bir insan idi?

- Qızım sosial həyatı çox sevirdi. Modelliklə bərabər, bəzi yerlərin reklamlarında iştirak edirdi. Bundan pul qazanırdı. İki ilə yaxın idi ki, bu işdə çalışırdı. Maliyyə-iqtisad Kollecinin vergi fakültəsini bitirmişdi. "ASAN xidmət"də könüllü olmuşdu. Vergilər Departamentinin qəbul şöbəsində işləmişdi. Yəni çox aktiv insan idi.

- Əməliyyatı niyə sizdən xəbərsiz etdirmək istəmişdi?

- Yəqin qızım fikirləşib ki, mən onun əməliyyat etdirməsinə razı olmayacağam. Ona psixi təsir eləyiblər. Arıqladırdı özünü. Yəqin kompleks yaradıb özündə. Mübariz doktor var, əməliyyatla bağlı ilk dəfə ona müraciət edib. Mübariz doktor qızımın psixologiyasının yerində olmadığını görüb və onun piy sovurma əməliyyatına ehtiyac olmadığını deyib. Mübariz doktor qızımın istəyinə baxmayaraq, onu əməliyyata salmayıb. Daha sonra qızım gedib Sirus Qoçxaninin yanına. Sirus Qoçxani Pərviz adlı anestezioloqu ilə birlikdə qızımı əməliyyat edib.

- Səhhətində bir problem var idi qızınızın?

- Yox, heç bir problemi yox idi. 20 saylı poliklinikada qeydiyyatda olub, orada heç bir dəfə də olsun nə ürəkdən, nə ciyərdən, nə böyrəkdən şikayəti olmayıb. Bütün sənədlər var orada, hamısı yazılıb. Sağlam uşaq idi Leyla.

- Qızınız əməliyyat olunmaq istəməsi ilə bağlı məlumat versəydi, ona icazə verərdinizmi?

- Yox, icazə verməzdim. Mənim belə əməliyyatlardan xoşum gəlmir. Yəqin elə ona görə mənə deməyib.

- Qızınızın psixologiyasında nə isə bir dəyişiklik hiss edirdinizmi?

- Yox, heç bir şey yox idi. Özündən çox razı qız idi. Sosial həyatı sevirdi, işləyirdi, yorulmurdu. Həyatı rahat yaşayırdı. Leyladan başqa bir oğlum var.

Qızım bir az qorxaq idi. Oğlumu sünnət etdirmişdim, üzünü tutub keçirdi o biri otağa. Qardaşına baxmırdı. Yəni bu dərəcədə qorxurdu. O, əməliyyata necə qərar verib... Görünür, ona səhv məlumat verilib. Mahiyyəti izah olunmayıb. Əməliyyatın mahiyyətini Leylaya anlatmayıb doktor. Gəl, kəsim, biçim get.

Bilsəydi, qızım getməzdi, sadəcə üz maskası kimi, dırnaq qaynağı kimi, saç qaynağı kimi bir şey bilib. Leylada o qədər cəsarət yox idi ki, anasız elə bir şey eləsin...

- Həkim sizcə, nə etməli idi?

- Həkim özü deyir ki, bu qız gəlib məndən xahiş edib. Xahişlə əməliyyat olunarmı? Mənim anlayışım yoxdur və həkimə deyirəm ki, məni əməliyyat elə, bu necə ola bilər? Halbuki ehtiyac yoxdur, arıq, 50 kiloqram çəkidə olan qızın piyi yoxdur axı, qanını sovururmuş onun. Görüb uşağımın psixologiyası yerində deyil, onu gərək yönləndirəydi, ya idmana yönləndirəydi, ya mənimlə əlaqə saxlayaydı doktor, ya konsultasiya keçirəydi. Ona gərək izah eləyəydi ki, ay qızım, get bunu ye, bunu iç...

- Belə əməliyyatlar çox da ucuz deyil. Qızınız pulu hardan alıbmış?

- İşləyirdi, əməliyyat pulunu da özü yığıbmış. Əslində başqa şey fikirləşirdi, mənə demişdi ki, mama, evləri araşdırarıq, siz də köməklik edərsiniz özümə 1 otaqlı da olsa, ev alaram. Kreditlə ev götürərik, yavaş-yavaş da pulunu ödəyərik. Ağlıma gəlməyən, başıma gəldi. Başqa valideynlər, başqa insanlar da var, heç olmasa onların övladları ölməsin. Sizə bir şey də deyim, adını çəkdiyim anestezioloq sosial şəbəkələrdə qadınlara, qızlara təsir eləyir. Deyir "gəlin, sizi gözəl edəcəyik, qəşəng edəcəyik". Belə olmaz axı.

Gərək xəstəni tanıyasan, araşdırasan. Bunu etmədən sən necə əməliyyat edə bilərsən? Leylanın əməliyyat olan böyür hissəsində uşaq vaxtı xal var idi. Gizli xal idi, anadan olanda göy rəngdə idi, dalaq xalı deyirdilər ona. Leyla böyüdükcə həmin xal dərinin içinə girməyə başladı. Bəlkə əməliyyat zamanı onu zədələyiblər, bəlkə olmazmış ona müdaxilə etmək?

- Qızınızın əməliyyat olunması, vəziyyətinin ağır olması barədə sizə kim məlumat verdi?

- Həmin gün saat 11 radələrində mən onu atamla bərabər işə gedir deyə yola salmışıq. Axşam 20:30 radələrində zəng vurdum ki, görüm haradadır, cavab vermədi. "Whatsapp"dan da ona yazdım, gördü, lakin cavab yazmadı. Gecə saat 12 radələrində anestezioloq Pərvizdən zəng gəldi, bildirdi ki, qızınız əməliyyat olunub, vəziyyəti ağırdır.

Mən qorxu içərisində ağladım, qışqırdım. Yenə də vəziyyətinin ağır olduğunu dedi. Dedim gəlirəm ora. Dedi "istəyirsiniz bu gün gəlməyin, sabah gəlin". Razılaşmadım və getdim, ancaq qızımı yaxşı vəziyyətdə görmədim. Çox pis vəziyyətdə idi. Demək olar ölü vəziyyətdə idi.

- Sizin gəlişinizi hiss elədimi?

- Bəlkə onu mən öz beynimdə yaratdım, mən girdim otağa, "Leyla, Leyla, ana qurban, mənəm, səs ver mənə" çağırdım onu, sol qaşında elə bil bir tərpəniş hiss elədim. Nə bilim... Sonra heç bir şey, Leyla elə də qaldı.

Saxladılar onu xəstəxanada, guya bu yaşayır, guya nə isə eləyirlər.

- Bəs ölüm xəbərini...

- Reanimatoloq çağırdılar, gəldi baxdı, ondan soruşdum ki, qızımın vəziyyəti necədir? Dedi ki, qalasıdır, gedəsi deyil. Mən də sevindim, çünki çox qorxurdum. 25-i səhər, saat 11 radələrində dedilər ki, artıq qızınız dünyasını dəyişdi.

- Qızınız harada dəfn olunub?

- Binəqədi qəbiristanlığında basdırılıb. Evimizə yaxın olduğu üçün mən orada dəfn olunmasını istədim, gedib-gələ bilim deyə.

- Bu hadisə ilə bağlı haralara müraciət etmisiniz?

- Hazırda işi prokurorluq araşdırır. Mənim işimə necə baxılacaq... Düzgün baxılmalıdır bu işə. Qızım onsuz da ölüb, bilirəm. Amma bütün səbəblər dəqiqliyi ilə araşdırılmalıdır. Evdə valideynə xəbər verilməyib. Onun əşyalarının birini bir tibb bacısı gətirib verdi mənə, telefonunu birisi verdi, ayaqqabısını bir başqası. Elə bil param parça etmişdilər mənim uşağımı. Hər şeyini bir tərəfdən topladılar gətirdilər. Belə vicdansızlıq olarmı heç. Mən onu əziyyətlə böyütmüşdüm.

Qızımın ölümündə həkimləri günahlandırıram. Məndə olan məlumata görə, həmin həkimin əməliyyat zamanı ölən xəstəsi təkcə mənim qızım deyil. Eşitmişəm ki, həmin həkimin diplomu yoxdur. Orada necə gəlib işləyir, bilmirəm. Mən I vitse prezident Mehriban Əliyevadan görüş günü almışam, xahiş edirəm, məni şəxsən qəbul eləsin. Onun da Leyla balası var. Mən qızımın ölümünə səbəb olan həmin həkimin həbs olunmasını istəyirəm.

Prokurorluqda müstəntiq məndən ifadə alıb. Başqa heç bir şey.

- Qızınızın əməliyyata görə ödədiyi pulun çeki varmı sizdə?

- Əməliyyatın çeki yoxdur ortalıqda. Əməliyyata görə pul ödənilmişdi və çeki də qızıma verilməli idi. Vergilər Nazirliyinə də yazacağam, Baş Prokurorluğa da müraciət edəcəyəm. Stolun üstünə 2000 manat qoydular. Dedilər qızınız 2000 manat verib. Amma çek yoxdur, indi özlərindən nə qurub quraşdıracaqlar, bilmirəm. Mən o gün getdim xəstəxananın kassasına yaxınlaşdım, lakin baş həkim zəng vurub dedi ki, oradan ona heç nə verməyin. İstəyirdim bildiriş versinlər ki, qızım ayın neçəsində bura gəlib. Əməliyyat disklərini istəyirəm, çeki istəyirəm. Məni niyə çağırmayıblar, onu bilmək istəyirəm. Her şeyə "yox", "bilmirəm" deyirlər.

- Həmin həkimin özü sizinlə görüşəndə nə dedi?

- Qızımın birinci müraciət elədiyi həkimlə danışdım, dedi vicdanım çox rahatdır, Sevinc xanım. Amma dedi kaş, sizi tanısaydım, xəbər etsəydim. Deyir qızınızın bədənində yağ yox idi, qanı da az idi.

Sirus Qoçxani isə deyir ki, mənim günahım yoxdur. Necə günahın yoxdur, adamın həyatını məhv eləmisən. "Günahım yoxdur" demək nə asandır. Elə bil psixologiyası ölmüş bir adam oturur qarşında. Yəqin həmin həkim yenə də əməliyyatlara girib-çıxır. İstəyirəm bu iş obyektiv araşdırılsın, prokurorluq da, ekspert də öz istədiyi kimi qərar verməsin. Düzgün baxılsın işə.

Həkim deyir ki, guya piyin qana sovrulmasından olub hadisə. Ekspert görək nə deyəcək. Ekspertə də bildirmək istəyirəm ki, məni eşitsin və hər şeyi düzgün yazsın. Orada həkimlər, ya kimlərsə nəsə etməsinlər. Mənim uşağımın ölüm səbəbini düzgün desinlər. Tutsunlar o həkimləri. Anestezioloq Pərvizdən şikayətçiyəm, bir də Sirus Qoçxanidən.

Mənim tələbim budur ki, həkimlər öz cəzalarına çatsınlar. Dövlətimiz tərəfindən onlar cəzalandırılsınlar ki, sabah başqalarının da uşağı ölməsin.

- Bu hadisə ilə bağlı başqa nə kimi addımlar atmaq fikrindəsiniz?

- Onlar bilsinlər ki, bütün sosial media Leylanın arxasındadır, başqa insanlar da Leylanın arxasındadır. Mən aksiya keçirəcəm. Aksiya keçirəcəm ki, həkimlər bir də belə ölümə səbəb olmasınlar. Bunu edəcəm, bunu belə qoymayacam.

21 yaşı var idi qızımın. Çox çətindir, əziyyətlə böyütmüşdüm onu mən. Hər şeyi həvəslə edirdim. Mən elə bildirm ki, Leylam güclü qızdır, inanmaz kimsəyə...

Nicat

"Həkim qadınlara, qızlara mesaj göndərir ki, gəlin, "sizi gözəl edəcəyəm"

DİGƏR XƏBƏRLƏR

Top