Qaçqın və məcburi köçkünlərin gözləri müayinə olunur, pulsuz eynək verilir FOTOLAR

Bu gün Yaponiyanın "Fuci Optikal" şirkəti görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycanda 13-cü missiyasına başlayıb. Missiya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən hökümətlə sıx əməkdaşlıq şəraitində təşkil edilib. Altı nəfər optometrist mütəxəssisdən ibarət qrupa tanınmış yapon alimi Doktor Akio Kanani rəhbərlik edir. Qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı Mingəçevirdə həyata keçirilib. Qeyd edək ki, bu missiya 14-15 iyul tarixlərində Şəkidə, 17 iyul tarixində isə Bakıda həyata keçiriləcək.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyində sahə məsələləri üzrə baş məsləhətçi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Elsevər Ağayev "Yeniavaz.com" saytına bildirib ki, "Fuci Optikal" Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,5 milyon dollaradək vəsait xərcləyib, 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə, 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insanlar BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il 6 gün ərzində görmə qabiliyyətinin müayinəsi, eyni zamanda eşitmə ilə əlaqədar digər əşyalar ianə edilmiş və 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanlar müayinə olunacaq".

Bu missiyadan razılığını bildirən məcburi köçkün Sevda Şükürova: "1993-cü ildən Mingəçevir şəhərində məskunlaşmışıq. Mütəmadi olaraq Yaponiyadan gəlmiş göz həkimləri bizim gözlərimizi müayinə edirlər, öz dəyərli məsləhətlərini verirlər, lazım olarsa, bizi göz eynəkləri ilə təmin edirlər. Çox sağ olsunlar ki, xarici təşkilatlar bizim hökümətimizin dəstəyi nəticəsində məcburi köçkünlərə qayğı göstərirlər. Mənim də gözümü müayinə etdilər, eynək verdilər, minnətdarlığımızı bildiririk".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top