Avropada elektrik enerjisinin ən ucuzən baha satıldığı ölkələr SİYAHI

Bu ilin əvvəlindən ötən dövr ərzində 20 Avropa ölkəsində elektrik enerjisinin tarifləri aşağı düşüb. 22 ölkədə isə tariflər artırılıb. "Yeniavaz.com" Avropa Statistika İdarəsinə və ayrı-ayrı ölkələrin statistika qurumları tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, elektrik enerjisinin tarifi ən çox Ukraynada artıb. İlin əvvəlindən ötən dövr ərzində Ukraynada elektrik enerjisi tarifləri 60%-ə yaxın artıb. Ukraynadan sonra elektrik enerjisinin tarifləri ən çox İslandiyada (16,8%), Norveçdə (13,7) və Belçikada (16,7%) artıb. Ən az artım isə Belarusda (0,3%), Maltada (0,4%), Çexiyada (0,9%), Finlandiyada (1%) və Almaniyada (1,1%) qeydə alınıb.

Elektrik enerjisi tariflərində ən yüksək azalma isə Böyük Britaniyada qeydə alınlıb. Bu ölkədə elektrik enerjisi tarifləri 16,1% ucuzlaşıb. Bundan başqa elektrik enerjisi tarifləri Hollandiyada 13,8%, Kipirdə isə 11,8% aşağı salınıb. Ən az ucuzlaşma isə Sloveniyada eydə alınıb - cəmi 0,1%.

Məlumat üçün onu da qeyd edək ki, bu il ərzində Azərbaycanda elektrik enerjisi tariflərində heç bir dəyişiklik olmayıb.


Ən ucuz elektrik enerjisi Ukraynada satılır

Tariflərə gəldikdə isə qeyd edək ki, Avropada ən ucuz elektrik enerjisi bu il qeydə alınan 60%-lik artıma baxmayaraq Ukraynada satılır. Bu ölkədə elektrik enerjisinin hər kVt/saatı əhaliyə 3,3 sent (5,6 qəpiyə) təqdim olunur. 2,6%-lik bahalanmadan sonra Qazaxıstan ən ucuz elektrik enerjisinin satıldığı 2-ci ölkə olub. Qazaxıstanda da 1 kVt/saat enerjinin dəyəri 3,3 sentə bərabərdir. Ucuz enerji satan ölkələrin sıralamasında növbəti yerlərdə Gürcüstan, Rusiya, Belarus, Azərbaycan, Serbiya və Ermənistan yer alır. Gürcüstanda elektrik enerjisinin 1 kVt/saatı 4 sent, (6,7 qəpiyə), Rusiyada 5,1 sentə (8,6 qəpiyə), Belarusda 5,6 sent (9,5 qəpiyə), Azərbaycanda 6,5 sent (11 qəpiyə), Serbiyada 7 sent (11,7 qəpiyə), Ermənistanda isə 9,2 sent (15 qəpiyə) sentə bərabərdir. Məlumat üçün bildirək ki, Avropa ölkərindən fərqli olaraq ölkəmizdə elektrik enerjisinin tarifi hökumət (Tarif Şurası) tərəfindən tənzimlənir. Tarif Şurasının elektrik enerjisinin tarifi ilə bağlı sonuncu qərarı isə 2016-cı ilin dekabr ayında qəbul edilib. Həmin qərara əsasən, ölkəmizdə 1 kVt/saat elektrik enerjisinin qiyməti (aylıq istifadə 300 kVt/saatdan çox olarsa) 11 qəpikdən (6,5 sent) satılır.

Danimarkada 1 kVt/saat enerjinin dəyəri 33 sentdir

Avropa ölkələri arasında ən bahalı elektrik enerjisi Danimarkada satılır. Bu ölkədə 1 kVt/saat enerjinin dəyəri 33 sentə (55,4 qəpik) bərabərdir. İkinci sırada qərarlaşan Almaniyada 1 kVt/saat elektrik enerjisi 31,8 sentə (53,5 qəpik) satılır. Elektrik enerjisinin baha satıldığı ölkələrin ilk beşliyini Belçika, Portuqaliya və İtaliya tamamlayır. Belçikada 1 kVt/saat elektrik enerjisinin dəyəri 29,3 sent (49,3 qəpik), Portuqaliyada 25,3 sent (42,5 qəpik), İtaliyada isə 25 sentə (42 qəpik) bərabərdir. Bunlardan başqa İrlandiya, İspaniya, Avstriya, İsveçra və Böyük Britaniya da elektrik enerjisinin baha satıldığı ölkələr sırasında yer alıblar. Qardaş Türkiyədə elektrik enerjisinin dəyəri Azərbaycanla müqayisədə təxminən 2 dəfə bahadır - 1 kVt/saat 12,8 sent (21,5 qəpik).

DİGƏR XƏBƏRLƏR

Top