“Qarabağ” Çempionlar Liqasında ilk matçına çıxacaq.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxacaq.

Mübarizəyə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisinin rəqibi Gürcüstan çempionu “Samtredia”dır.

Ardıcıl 4-cü dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə düşməyi hədəfləyən “Qarabağ” ilk oyununu evdə keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma türkiyəli hakimlərə həvalə olunub.

Əvvəlki üç mövsümdə ilk rəqiblərini mübarizədən kənarlaşdırmağa müvəffəq olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin ənənəsinə sadiq qalması üçün evdəki görüşdə rəqibini üstələməsi önəmlidir.

“Qarabağ” iki görüşün nəticəsinə əsasən qalib gələrsə, “Samtredia” ardıcıl ikinci mövsüm Azərbaycan klubları tərəfindən avrokubokdan uzaqlaşdırılmış olacaq. Gürcüstan təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” səddini keçə bilməyib (1:5, 2:1).

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Halil Meler, Esat Sancaktar

Dördüncü hakim: Erdem Bayik

(hakimlər briqadası Türkiyədəndir)

UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.Report

DİGƏR XƏBƏRLƏR

Top