Qətər valyuta ehtiyatlarının miqdarını açıqladı: blokadaya hazırıq

Qətərin valyuta ehtiyatı 340 milyard dollar təşkil edir. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Qətər Mərkəzi Bankının sədri Şeyx Abdullan bin Səud əl-Tani deyib. O, Dohaya qarşı tətbiq edilən sanksiyalara hazır olduqlarını bildirib və əlavə edib ki, Qətərin valyuta ehtiyatlarının miqdarı 340 milyard dollardır. Əl-Taninin sözlərinə görə, Mərkəzi Bankın 40 milyard dollar və qızıl ehtiyatı var: “Bundan başqa, Qətərin yerli və xarici sərmayə fondlarını idarə edən Qətər İnvestiya Fondunun da nağd vəsaitə çevirə biləcək 300 milyard dollar dəyərində əmlakı var. Mövcud valyuta ehtiyatı Qətərin Körfəz ölkələri tərəfindən tətbiq olunan blokadaya qarşı davam gətirməyə kömək edəcək. Qətərə kömək etməkdə risk amili yoxdur. Ötən ay Qətərdən çıxan sərmayənin miqdarı 6 milyard dollardan az olub”.


Xatırladaq ki, iyunun 5-dən etibarən Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya müvəqqəti hökuməti, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları Qətərlə diplomatik münasibətləri kəsdiklərini açıqlayıblar. Onlar rəsmi Dohanı terrorçuluq və ekstremizm ideologiyasını dəstəkləməkdə və ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edirlər. Seneqal, Niger və Çad Qətərdəki səfirliklərini geri çağırıb. Qabon isə ölkənin siyasətini pisləyib. İordaniya və Cibuti diplomatik nümayəndəliklərinin səviyyəsini azaltmaqla kifayətlənib.

Qeyd edək ki, Qətərlə diplomatik əlaqələrini kəsmiş ərəb ölkələri münasibətlərin bərpa edilməsi üçün Dohaya 13 şərt qoymuşdu. Onların sırasında İranla diplomatik əlaqələrin səviyyəsini aşağı salınması, “Al Jazeera” telekanalının bağlanması, Türkiyə ilə hərbi əməkdaşlığın dayandırılması və ölkədəki türk hərbi bazasının ləğv edilməsi olub. Bundan başqa Qətər tələbləri irəli sürən ölkələrə pul təzminatı ödəməli idi. Terror təhdidinin azaldılması üzrə tədbirlər qismində Qətərə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir vətəndaşlarının təəbəliyə götürülməsinin dayandırılması, axtarılan bütün cinayətkarların təhvil verilməsi tapşırılırdı. Lakin Qətər şərtləri yerinə yetirməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top