
"12 avqust 2014-cü il tarixdə vətəndaş digər şəxsin 3350 dollar məbləğində kreditinə görə "DəmirBank"la zaminlik müqaviləsi bağlayıb. Devalvasiyadan sonra 16 mart 2015-ci il tarixdə bankla borc alan arasında kredit müqaviləsinə dair əlavə saziş imzalanaraq kredit şərtləri dəyişdirilib (o cümlədən müddət uzadılıb). Lakin zamin buna razılıq verməyib. Yeniavaz.com saytı xəbər verir ki, bunu hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, dollar kreditini ödəyə bilmədiyi üçün bank həm borc alanı, həm də zamini məhkəməyə verib: "Zamin bizə müraciət etdi və əməkdaşımız məhkəmədə onun maraqlarını müdafiə etdi. İşə baxan Sabunçu rayon məhkəməsinin hakimi Anar Qasımovun 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə zaminlik müqaviləsinə xitam verilib. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminin razılığı olmadan kredit öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir".
Əkrəm Həsənov deyir ki, hələ ötən il - devalvasiydan sonra bankların çoxunun xarici valyutada olan kredit müqavilələrinin müddətini zaminin razılığı olmadan uzatdığı dövrdə 29 iyun 2015-ci il tarixdə bu barədə yazmışdım. Onu da vurğulamışdım ki, Məcəlləmizin sözügedən müddəası Rusiya Mülki Məcəlləsinin 367-ci maddəsinin 1-ci bəndini olduğu kimi təkrarlayır. Rusiya məhkəmələri də hesab edir ki, kreditin müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olur. Çünki ən azı faiz ödənişlərinin cəmi məbləği artır. Nəhayət, bizim məhkəmə də bu məsələdə qanuni və ədalətli qərar verdi. Odur ki, kredit müqaviləsinin müddəti və digər şərtləri sizin (zaminin) razılığınız olmadan dəyişdirilibsə, siz artıq zamin deyilsiniz və məhkəmə prosesi başlayanda bunu məhkəməyə təqdim etdiyiniz etirazda və ya qarşılıqlı iddiada bildirin".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz