“Böyük iyirmilik” sammitinin keçirildiyi Almaniyanın Hamburq şəhərində qloballaşma əleyhdarlarının etiraz aksiyaları davam edir. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ötən gündən bəri onlarla nəqliyyat vasitəsini yandıran etirazçılar bəzi marketləri qarət ediblər. Nümayişçilərlə polis arasında tez-tez toqquşmalar baş verir. Alman polisi evlərə basqın edəcəyini açıqlayıb. Polis, eyni zamanda mətbuat işçilərinə hadisə yerindən görüntüləri yaymamaq barədə xəbərdarlıq edib. Polis və nümayişçilər arasında baş vermiş toqquşmalarda indiyədək 196 polis əməkdaşı yaralanıb, 83 etirazçı saxlanılıb, 19 nəfər isə həbs olunub.